BAKI, 21 iyun. TELEQRAF

Milli Məclis "Qiymətli kağızlar bazarı haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsini son oxunuşda təsdiqləyib.

Teleqraf xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü iclasında müzakirə edilib.

Layihəyə əsasən, investisiya qiymətli kağızlarının yerləşdirilməsi qaydalarında dəyişiklik edilir.

Mövcud qanunvericiliyə əsasən, bütün səhmləri dövlətə məxsus səhmdar cəmiyyətləri yaradılarkən Mərkəzi Bank həmin səhmdar cəmiyyətlərinin səhmlərinin buraxılışını dövlət qeydiyyatına alır və onlar yerləşdirilmiş hesab edilir. Bu maddə həmin səhmdar cəmiyyətlərinin səhmlərinin növbəti buraxılışlarına şamil edilmir.

Təklif edilən dəyişikliyə əsasən, bu maddə həmin səhmdar cəmiyyətlərinin səhmlərinin növbəti buraxılışlarına (həmin səhmlərin dövlət orqanları (qurumları) və ya bütün səhmləri dövlətə məxsus səhmdar cəmiyyətləri tərəfindən əldə ediləcəyi hallar istisna olmaqla) şamil edilməyəcək. Səhmlərin dövlət orqanları (qurumları) və ya bütün səhmləri dövlətə məxsus səhmdar cəmiyyətləri tərəfindən əldə ediləcəyi hallarda səhm buraxılışı bu qanunda göstərilən sənədlərin təqdim edilməsi yolu ilə dövlət qeydiyyatına alınacaq və həmin səhmlər yerləşdirilmiş hesab ediləcək.