BAKI, 13 iyun. TELEQRAF

Milli Məclisdə "hökumət saatı"nın yaradılması təklif olunub.

Teleqraf xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Razi Nurullayev parlamentin bugünkü iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinin müzakirəsi zamanı danışıb.

O bildirib ki, hər dəfə hökumətin bir üzvü parlamentə gəlsin və deputatların suallarını cavablandırsın.

"Komitə, plenar iclaslarda əhatəli danışmaq və canlı, interaktiv sual-cavab etmək mümkün olmur. Suallar və narahatlıqlar da yığılıb qalır. Ayrı-ayrı hökumət üzvlərinə, nazirlik, agentlik, səhmdar cəmiyyətlər və sair rəhbər şəxslərə ciddi suallarımız var. Bu məsələlərdə parlamentin rolu nəinki artırılmalı, həm də mütləq olmasına zərurət yaranıb. Deputatın işi yalnız hazır gələn qanunları müzakirə etmək olmamalıdır. Qanunvericiliyin yaradılmasında yaxından iştirak etməliyik. Qanunlar gəlir və göndərən subyekt dəyişikliklərə qarşı olur. Bu yolverilməzdir. Komitə iclaslarında, digər toplantılarda 15-20 deputat danışır, sual verir, bəzi suallara bir neçə cümlə ilə arqumentsiz cavablar verilir, çox suallar cavabsız qalır, aidiyyatı vəzifəli şəxs də qovluğunu götürüb gedir. Elə bil notariusa təsdiqə gəlmişdi. Kim düşünürsə ki, parlament notariusdur, ciddi yanlışlığa yol verir. Buna görə də onlar bu cür yanaşmalarına düzəliş etsələr, yaxşı olar", - deyə deputat söyləyib.