BAKI, 12 iyun. TELEQRAF
Təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) nəticəsində məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının tikintisi qaydaları müəyyənləşdirilir.
Teleqraf xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan Mənzil Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) nəticəsində məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş, icbari sığortası olan yaşayış sahələrinin əvəzinə yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının dövlət vəsaiti hesabına tikintisi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərar qəbul edilə biləcək.
Həmin qərarda sifarişçinin funksiyalarını yerinə yetirəcək dövlət orqanları (qurumları) müəyyən ediləcək.
Məcəllədə nəzərdə tutulan qəza vəziyyətində olan mənzillərin (yaşayış binalarının) yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasına dair tələblər yuxarıda müəyyən edilmiş hallara şamil edilməyəcək.