BAKI, 10 iyun. TELEQRAF

Qaz təchizatı sektorunda icazələr müəyyənləşir.

Teleqraf xəbər verir ki, məsələ parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Qaz təchizatı haqqında" yeni qanun layihəsində əksini tapıb.

Sənəddə qeyd olunur ki, qaz təchizatı sektorunda aşağıdakı işlər bu qanuna və “Lisenziyalar və icazələr haqqında” Qanununa uyğun olaraq verilən icazələr əsasında həyata keçirilir:

- qazın nəqli;
- qazın paylanması;
- sənaye qaz qurğusunun istismarı;
- qazın saxlanması.

Qeyd olunan icazələr tənzimləyici tərəfindən verililəcək.

Qazın nəqli, paylanması və sənaye qaz qurğusunun istismarı üçün icazə tənzimləyici (2028-ci il iyulun 1-dən qüvvəyə minir), qazın saxlanması üçün icazə isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən veriləcək.

İcazə şərtləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən qaz təchizatı sisteminə dair qaydalarla müəyyən ediləcək.