BAKI, 19 may. TELEQRAF

Vəfat edən şəxsin mülkiyyətində olan torpaq sahəsi bütün vərəsələr ondan imtina etdikdə dövlətin balansına keçəcək.

Teleqraf xəbər verir ki, bu, Torpaq Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Mövcud qanunvericiliyə görə, mülkiyyətçi öldükdə ona məxsus olan torpaq sahəsinin hamısı və ya onun bir hissəsi üzərində olan mülkiyyət hüququ vərəsəlik qaydasında vəsiyyət üzrə və ya qanun üzrə Mülki Məcəllədə nəzərdə tutulmuş qaydada və formada başqa şəxslərə (vərəsələrə) keçir. Əgər nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə yoxdursa və ya vərəsələrdən heç biri mirası qəbul etməmişdirsə, yaxud bütün vərəsələr vərəsəlik hüququndan məhrum edilmişdirsə, vərəsələri olmayan torpaq dövlətə keçir; əgər miras qoyan şəxs ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinin, müalicə, tərbiyə və sosial təminat müəssisələrinin təminatında olmuşdursa, həmin müəssisənin mülkiyyətinə keçir.

Layihəyə əsasən isə nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə yoxdursa və ya bütün vərəsələr mirasdan imtina etmişsə, yaxud bütün vərəsələr vərəsəlik hüququndan məhrum edilmişdirsə, vərəsələri olmayan torpaq dövlətə keçir; əgər miras qoyan şəxs ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinin, müalicə, tərbiyə və sosial təminat müəssisələrinin təminatında olmuşdursa, həmin müəssisənin mülkiyyətinə keçəcək.

Qanun layihəsi parlamentin Aqrar siyasət komitəsinin bugünkü iclasında müzakirə edilib.