BAKI, 13 may. TELEQRAF

Ötən il Azərbaycanda 91 nəfər insan alverinin qurbanı olub.

Teleqraf xəbər verir ki, bu, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2024-cü il üzrə illik məlumatında əksini tapıb.

Sənəddə qeyd olunub ki, insan alverinin qurbanı olmuş 91 Azərbaycan vətəndaşından (90-ı qadın, 1-i kişi) 53-ü Türkiyədə, 35-i Birləşmiş Ərəb Əmirliklərində, 2 nəfəri isə Qətərdə cinsi istismara, 1 nəfəri isə ölkə daxilində əmək istismarına məruz qalmışdı.

Qurbanlardan 12-si 18-25 yaş arası, 49-u 25-35 yaşlarında, 29-u 35 yaşdan yuxarı olub.

Vurğulanıb ki, insan alveri qurbanlarının müdafiəsi, bu istiqamətdə hüquqi, sosial-iqtisadi tədbirlərin məqsədyönlü icrası da diqqətdə saxlanılıb. Onlardan 80 (əvvəlki dövrlə müqayisədə -10) nəfərinin hər birinə 700 manat birdəfəlik müavinət ödənilmiş, 56 (-12) nəfəri müvəqqəti yaşaması üçün Daxili İşlər Nazirliyinin müvafiq sığınacağına yеrləşdirilərək tibbi (HİV, AİDS, ginekoloji, terapevt), sosial, psixoloji, hüquqi və digər yardımlarla təmin edilmişdir.

Daha 18 qurban pеşə kurslаrınа yönəldilmiş, 9 nəfəri işlə təmin еdilmiş, 1 əcnəbi qurbanın repatriasiyasında, 9 qurbana şəxsiyyət vəsiqəsi və 11 qurbanın ünvanlı sosial yardım almasında, 2 uşaq qurbanın təhsilini davam etdirməsi üçün İnteqrasiya təlimli internat məktəbinə qəbul olunmasında köməklik edilmiş, 44 qurbanın аiləsinə qаyıdışı təmin olunmuşdur.

Maraq üçün onu da vurğulayaq ki, 2005-2024-cü illər aralığında 1441 nəfər insan alverinin qurbanı olub.

Qeyd edək ki, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı parlamentin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.