BAKI, 8 may. TELEQRAF
Milli Məclisin "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş xüsusi iclası keçirilib.
Teleqraf xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantı “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusuna həsr olunub.
İclasda çıxış edən Sahibə Qafarova Ulu Öndər Heydər Əliyevin parlamentlə bağlı atdığı addımlardan, gördüyü işlərdən danışıb.
Bildirib ki, Heydər Əliyev Azərbaycan parlamentinin banisidir. Ulu Öndərin sədrliyi ilə hazırlanan Azərbaycan Konstitusiyası dünyanın ən aparıcı demokratik sənədləri ilə müqayisə oluna bilər.
Onun sözlərinə görə, illər ərzində Azərbaycan ərazilərini işğaldan sülh yolu ilə azad etməyə çalışdı: "Bu cəhdlər nəticə vermədi. Nəticə də verə bilməzdi. Dünyanın böyük güclərinin işğal olunmuş ərazilərimizlə bağlı xüsusi planları var idi. Lakin Azərbaycan planları pozdu, Vətən müharibəsi və antiterror əməliyyatı ilə torpaqlarımızı azad etdik".
Sonra “İlk milli Konstitusiyamız və Suverenliyimiz” adlı sənədli film nümayiş etdirilib.
Milli Məclis Aparatının təşkilatçılığı ilə hazırlanmış bu sənədli film Azərbaycanın ilk Konstitusiyasının qəbulunun 30 illiyinə, Vətən müharibəsində Azərbaycan xalqının Zəfərinin 5-ci ildönümünə, ölkənin ərazi bütövlüyünün və suverenliyinin bərpasına həsr olunub.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa isə çıxışında Heydər Əliyevin uzaqgörənliyindən danışıb. Partiya sədri vurğulayıb ki, müxalifətdə olan şəxslər belə Heydər Əliyevin siyasətini sonradan başa düşdü: "Heydər Əliyev işıq gələn yolları uğurla tapırdı. Müstəqillik dövründə xarici təhdidlərə qarşı çıxış yollarını axtaranda, Heydər Əliyev neft müqavilələri ilə məsələləri həll etdi. Heydər Əliyevin kursunu uğurla davam etdirməli və bu yöndə sıx birləşməliyik".
Milli Məclis sədrinin müavini Əli Əhmədov isə çıxışında qeyd edib ki, Azərbaycan Konstitusiyası Ulu Öndər Heydər Əliyevin siyasi irsinin ən parlaq nümunələrindən biridir:
"Dahi liderlər xalqa verilən sərvətdir. O, heç bir siyasətçiyə müyəssər olmayanı həyata keçirdi. Xalq heç bir siyasətçini eşitməyəndə, Heydər Əliyevin səsinə səs verdi. Siyasətçilər parçalanmış xalqı birləşdirə bilməyəndə, Ulu Öndər Azərbaycanı birləşdirməyi bacardı. Onun başlatdığı siyasət həm yaşayır, həm də davam etdirilir. Azərbaycan xalqının 30 ilə qədər görmədiyi möhtəşəm qələbəni isə Ulu Öndərin varisi - İlham Əliyev həyata keçirdi. Heydər Əliyev ədalətin təzahürü idi. O, özünə rəva görmədiyini başqasına tövsiyə etməzdi. Heydər Əliyevə hamı hörmət bəsləyir və bundan sonra da bu hörmət davam edəcək. Nə qədər Azərbaycan var, Heydər Əliyev yaşayacaq", - deyə deputat çıxışında bildirib.
Deputat Vüqar Bayramov isə Heydər Əliyevin hakimiyyətə gəldikdən sonra iqtisadi inkişafdan danışıb. O bildirib ki, həmin vaxt büdcə gəlirlərimiz 100 milyon manat idisə, hazırda gəlirlərimiz 38 milyard manatdan çoxdur. Deputat bildirib ki, Azərbaycan iqtisadiyyatı 1995-ci ildə 11,8 faiz kiçilmişdisə, 1996-cı ildə 1,3 faiz artım dərin depressiyanın sonu oldu.
Rizvan Nəbiyev isə çıxışında bildirib ki, "Əsrin müqaviləsi" olmasaydı, sabitlik də olmazdı:
“Əgər 31 il əvvəl, elə may ayında Atəşkəs haqqında razılaşma əldə olunmsaydı, ondan bir neçə ay sonra “Əsrin müqaviləsi” imzalanmasaydı, ölkəmizdə nə siyasi sabitlik bərqərar olardı, nə də sonrakı illərdə dövlətimizin iqtisadi-maliyyə gücü yaranardı, nə də ki hərbi gücümüz formalaşardı”.
Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev çıxışında Heydər Əliyev və sosial siyasət məsələlərindən bəhs edib:
"Heydər Əliyevin müasir dövlətçilik siyasətinin başlıca prinsipi “dövlət xalq üçündür” ideyasıdır. Ümummilli liderin müəllifi olduğu Konstitusiyamızda bu ideyanın sosial mahiyyəti bariz şəkildə öz təsdiqini tapmışdır. Heydər Əliyevin qurduğu müasir Azərbaycan dövlətinin daxili siyasətində, sosial ədalət, sosial rifah, sosial müdafiə xətti həmişə prioritet istiqamət kimi müəyyən olunur. Heç təsadüfi deyildir ki, bizim dövlət büdcəmizdə sosial xərclərin payının 30%-dən yuxarı olması artıq ənənə halını almışdır".
Deputat bildirib ki, Pezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə böyük sosial iqtisadi uğurlara imza atılıb:
"Qısa müddət ərzində respublikada işsizlik 5%-ə, yoxsulluq isə 5,6%-ə endirildi. İlham Əliyevin rəhbərliyi altında 2003-2025-ci illərdə Azərbaycanda 2,2 milyon yeni iş yeri açılmış, minimum əmək haqqı 44 dəfə artaraq 400 manata, orta aylıq əmək haqqı 13 dəfə artaraq 1010 manata, minimum pensiya 16 dəfə artaraq 320 manata, orta aylıq pensiya 22 dəfə artaraq 535 manata çatmışdır. 2019-cu ildən başlayaraq ölkəmizdə cənab Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq 5 dərin sosial islahatlar zərfi qəbul edilmişdir. Bu paketlərin illik maliyyə dəyəri 8.5 milyard manat təşkil edir və 4 milyon vətəndaşın sosial təminatının yaxşılaşmasına xidmət edir".
Çıxış edən Azər Badamov isə deyib ki, Azərbaycan Ümummilli Lider Heydər Əliyevin əsəridir: "Azərbaycanın ana maddələr toplusu olan Konstitusiyamız da Azərbaycan dövləti və dövlətçiliyinin qurucusu, xalqı bütöv amal uğrunda ətrafında toplamağı bacaran dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır".
Bundan başqa, Kamal Cəfərov parlamentdə iki qərar layihəsinin hazırlanmasını təklif edib:
"Azərbaycan Xalq Cümhuriyyətinin İrəvanla bağlı qərarını pisləyən, həmçinin 1920-ci ildə də Sovet hökumətinin qərarı ilə Zəngəzurun Azərbaycandan ayrılaraq, Ermənistana verilməsi faktını da pisləyən ayrıca bir qərar layihəsinin qəbul edilməsini təklif edirəm".
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev isə çıxışında bildirib ki, Azərbaycanın ən yeni tarixi Heydər Əliyevin adı ilə bağlıdır.
Parlamentin insan hüquqları komitəsinin sədri Zahid Oruc isə bildirib ki, Heydər Əliyev sədrliyi ilə bağlı qəbul olunan Konstitusiya Azərbaycana qələbə gətirdi:
"Əslində dünyada bütün xalq yığışıb bir qələmlə qanun yazmır. Lakin Vətən müharibəsi və 20 senyabr suverenlik savaşı bir millətin, bir ordunun və bir imzanın yaratdığı ən böyük qanun kitabı oldu. Heydər Əliyev Konstitusiyası bizə qələbə gətirdi və Zəfər Konstitusiyasına çevrildi. Ona hücum edənlər, idarəçiliyi tək adamın hakimiyyəti adlandıranların hamısı uduzdu. İlham Əliyev 8 noyabrda Qarabağın xilaskarı olaraq, ən böyük konstitusion ədaləti təmin etdi".
İclasın yekununda Milli Məclisin "Konstitusiya və Suverenlik İli"nə həsr edilən xüsusi iclasının bəyanatı qəbul edilib.
****
12:58
BAKI, 8 may. TELEQRAF
Milli Məclisin "Konstitusiya və Suverenlik İli"nə həsr edilən “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” adlı xüsusi iclası davam edir.
Teleqraf xəbər verir ki, iclası açıq edən parlamentin sədri Sahibə Qafarova Ulu öndər Heydər Əliyevin Azərbaycanla bağlı misilsiz xidmətlərindən danışıb.
Sədr hazırda Azərbaycanın uğurla inkişaf yolu keçdiyini qeyd edib.
Sonra “İlk milli Konstitusiyamız və Suverenliyimiz” adlı sənədli film nümayiş etdirilib. Qeyd olunub ki, Milli Məclis Aparatında hazırlanmış bu sənədli film Azərbaycanın ilk Konstitusiyasının qəbulunun 30 illiyinə, Vətən müharibəsində Azərbaycan xalqının Zəfərinin 5-ci ildönümünə, ölkənin ərazi bütövlüyünün və suverenliyinin bərpasına həsr olunub.
Daha sonra deputatlar çıxıb edib.
Parlamentin İctimai birliklər və dini qurumlar komitəsi sədri Fazil Mustafa isə bildirib ki, Heydər Əliyev uzaqgörən siyasətçi olub.
"Heydər Əliyev işıq gələn yolları uğurla tapırdı. Müstəqillik dövründə xarici təhdidlərə qarşı çıxış yollarını axtaranda Heydər Əliyev neft müqavilələri ilə məsələləri həll etdi. Heydər Əliyevin kursunu uğurla davam etdirməli və bu yöndə sıx birləşməliyik", - deyə deputat deyib.
Deputat Vüqar Bayramov isə Heydər Əliyevin hakimiyyətə gəldikdən sonra iqtisadi inkişafdan danışıb.
Milli Məclis sədrinin müavini Əli Əhmədov isə Azərbaycan Konstitusiyası Ulu Öndər Heydər Əliyevin siyasi irsinin ən parlaq nümünəsi kimi qiymətləndirib.
Hazırda çıxışlar davam edir.
***
11:01
BAKI, 8 may. TELEQRAF
Milli Məclisin "Konstitusiya və Suverenlik İli"nə həsr edilən xüsusi iclası başlayıb.
Teleqraf xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantı “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusuna həsr olunub.
Qeyd edək ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər planında əksini tapıb.