BAKI, 4 aprel. TELEQRAF

Azərbaycanda bəzi şəxslər üçün həqiqi hərbi xidmətdə olmağın son yaş həddi ləğv edilir.

Teleqraf xəbər verir ki, bu, hərbi qanunvericiliyə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Layihədə Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin edilən müvafiq dövlət orqanlarının rəhbəri və müavini üçün də son yaş həddinin müəyyən edilməməsi təklif olunur.

“Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” qanuna təklif edilən dəyişikliyə əsasən, ordu generalı, habelə müvafiq icra hakimiyyəti orqanının və Azərbaycan Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının (dövlət orqanlarının strukturuna daxil olan qurumlar istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəzifəyə təyin edilən rəhbəri və müavini üçün yaş həddi müəyyən edilmir. Həqiqi hərbi xidmətdə və ya ehtiyatda olmağın son yaş həddini keçmiş həmin şəxslər vəzifədən azad edildikdən sonra yaşa görə həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılacaqlar.

Həmçinin “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən isə ordu generalı, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) və Azərbaycan Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının (dövlət orqanlarının strukturuna daxil olan qurumlar istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin edilən rəhbəri və müavini üçün yaş həddi müəyyən edilmir. Həqiqi hərbi xidmətdə və ya ehtiyatda olmağın son yaş həddini keçmiş həmin şəxslər vəzifədən azad edildikdə yaşa görə həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılacaqlar.

Mövcud qanunvericilik ordu generalı hərbi rütbəsinə malik hərbi qulluqçular üçün hərbi xidmətdə olmağı son yaş həddini müəyyən etmir. Layihə həqiqi hərbi xidmətdə olmağı yaş həddi müəyyən edilməyən şəxslərin dairəsinin genişlənməsi nəzərdə tutulur.

Qeyd edək ki, həqiqi hərbi xidmətdə olmağın yaş həddi aşağıdakı kimidir:

Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları- 31,5 yaş.

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanlar, kiçik zabitlər- 48 yaş.

Mayor, polkovnik-leytenant və onlara müvafiq hərbi rütbələri olan zabitlər- 48 yaş​.

Polkovnik və ona bərabər hərbi rütbəsi olan zabitlər- 53 yaş.

Ali zabitlər üçün - general-mayor, kontr-admiral, general-leytenant, vitse-admiral- 58 yaş.

General-polkovnik, admiral- 63 yaş.

Təklif olunan dəyişikliklər “Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi barədə”, “Hərbi xidmətkeçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara aid edilir.

Sözügedən məsələ parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirə olunub.