BAKI, 7 aprel. TELEQRAF

Dövlət Sərhəd Xidmətinin (DSX) N saylı hərbi hissəsinin hərbi qulluqçusu Musazadə Əsgər Nicat oğlunun partlayış nəticəsində ölməsi faktı əsasında Füzuli Hərbi Prokurorluğunun və Respublika Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən müvafiq baxışlar aparılıb, məhkəmə tibbi ekspertin iştirakı ilə meyitin müayinəsi keçirilib, eləcə də digər hərəkətlər icra edilib.

Bu barədə Teleqraf-a Hərbi Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Fakt üzrə Füzuli Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilmiş və digər istintaq hərəkətləri həyata keçirilib.

"Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin olunacaqdır. Allah hərbçimizə rəhmət eləsin!" - deyə məlumatda qeyd olunub.

***

10.30

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu Əsgər Nicat oğlu Musazadə Cəbrayıl rayonunda sursat partlayışı nəticəsində həlak olub.

Dövlət Sərhəd Xidmətindən Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, xidməti vəzifəsini yerinə yetirərkən Cəbrayıl rayonu ərazisində aşkar edilmiş sursat partlayışı nəticəsində Lənkəran rayonundan olan hərbçi Musazadə Əsgər ağır xəsarətlər alıb.

Ona ilkin tibbi yardım göstərilsə də həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Hərbi Prokurorluqda və DSX-də araşdırmalar aparılır.