Azərbaycan Respublikasında məhkəmə-hüquq sisteminə dair qanunvericilikdə dəyişiklik edilib.
Teleqraf xəbər verir ki, bununla bağlı “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişiklikləri nəzərdə tutan qanun Prezident İlham Əliyev tərəfindən təsdiqlənib.
Dəyişikliklərə əsasən, “Məhkəmələr və hakimlər haqqında” qanunun 90-cı maddəsinin ikinci hissəsi və 92-ci maddəsinin üçüncü hissəsi ləğv olunub, eyni zamanda “Hakimin xidməti vəsiqəsi” adlı yeni 92-1-ci maddə əlavə edilib.
Yeni maddəyə görə, hakimə nümunəsi Məhkəmə-Hüquq Şurası tərəfindən təsdiq edilən xidməti vəsiqə veriləcək. Xidməti vəsiqə hakimin statusunu və vəzifəsini təsdiq edən rəsmi sənəd sayılacaq və Məhkəmə-Hüquq Şurasının sədri tərəfindən təqdim ediləcək.
Qanunda həmçinin müəyyən edilir ki, hakim səlahiyyət müddəti ərzində xidməti vəsiqədən istifadə edir. Hakimin adı, soyadı, atasının adı və ya vəzifəsi dəyişdikdə, xidməti vəsiqənin etibarlılıq müddəti başa çatdıqda, eləcə də vəsiqə itirildikdə və ya yararsız hala düşdükdə ona yeni xidməti vəsiqə veriləcək. Hakimin səlahiyyətlərinə xitam verildikdə isə xidməti vəsiqə Məhkəmə-Hüquq Şurasına qaytarılmalıdır.
Eyni zamanda, “Məhkəmə-Hüquq Şurası haqqında” qanuna edilən dəyişikliklə Şuraya hakimin xidməti vəsiqəsinin nümunəsini təsdiq etmək səlahiyyəti verilib.
Qeyd edək ki, bu qanunun qüvvəyə mindiyi gündən “Hakimlərin xidməti vəsiqəsi haqqında” ayrıca qanun ləğv edilir.