BAKI, 6 mart. TELEQRAF
Kürdəmir rayonunda sosial şəbəkələrdə təhqir və hədə-qorxu iddiaları ilə bağlı məhkəmə çəkişməsi olub.
Teleqraf xəbər verir ki, rayon sakini Eldar xüsusi ittiham qaydasında qudası Sübhanı məhkəməyə verib.
Eldar bildirib ki, qızı Aytac Sübhanın oğluna gəlin getdikdən sonra ailələr arasında problemlər yaranmağa başlayıb.
Şikayətçinin sözlərinə görə, 2024-cü ildə Sübhanın ailəsi dəfələrlə onların evinə gələrək qızını almaq istədiklərini bildirib. Əvvəlcə buna razı olmasa da, sonradan ağsaqqalların məsləhəti ilə razılıq verilib. 2024-cü ilin yay aylarında onların toy mərasimləri keçirilib.
Eldarın iddiasına görə, qızı Aytac gəlin köçdükdən sonra ailələr arasında tez-tez mübahisələr yaranıb. 2025-ci ilin may ayından etibarən qudası Sübhan onu təhqir etməyə başlayıb. Həmin vaxt təqsirləndirilən şəxs Rusiya şəhərlərinin birində olub. Şikayətçi qeyd edib ki, qudası Sübhan telefonla zəng edərək "gəl qızını evinə apar" deyib. Aparmayacağı təqdirdə onu və ailəsini öldürəcəyini bildirib.
Eldar bir müddət sonra qızını xəstəxanadan çıxararaq öz evinə gətirib. Sübhan "gəl evimdə olan zir-zibilini (cehiz əşyalarını) yığışdır apar” deyə bildirib. Sübhan da qızına məxsus əşyaları Kürdəmirin kəndlərindən birində yerləşən evdən götürərək digər kəndindəki evinə gətirib.
Onun sözlərinə görə, 2025-ci ilin noyabr ayından etibarən qarşı tərəf “TikTok” sosial şəbəkəsində müxtəlif profillər vasitəsilə onu və ailə üzvlərini təhqir etməyə davam edib. Paylaşımlarda ailəsi barədə nalayiq ifadələr işlədildiyini, onları öldürəcəyi və evlərini yandıracağı ilə bağlı hədələr səsləndirildiyini bildirib.
Şikayətçi həmçinin qeyd edib ki, qarşı tərəf qızının şəkillərini sosial şəbəkələrdə yayacağı ilə də hədələyib. Onun sözlərinə görə, yazılan bu ifadələr şərəf və ləyaqətini alçaldıb, ailəsi isə hazırda qorxu içində yaşayır.
Məhkəmə xüsusi ittiham qaydasındakı şikayəti icraata qəbul etməyib.