BAKI, 31 yanvar. TELEQRAF
"Vəkil adından qanunsuz istifadənin qarşısının alınması ilə bağlı hüquqi mexanizmlər gücləndirilib".
Teleqraf xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
A. Bağırov bildirib ki, 2018-ci ilin yanvar ayının 1-dən etibarən Azərbaycanda nümayəndəlik institutunun məhdudlaşdırılmasından sonra Vəkillər Kollegiyasının üzvü olmayan şəxslər tərəfindən vəkil adından qanunsuz istifadə hallarına daha çox rast gəlinir.
Onun sözlərinə görə, əksər hallarda bu şəxslər fəaliyyət göstərdikləri ünvanlarda "vəkil", "vəkil bürosu", "vəkil xidmətləri" kimi adlardan reklam məqsədilə istifadə edirlər.
Sədr qeyd edib ki, bu halların qarşısının alınması məqsədilə yeni dəyişikliklərdə vəkillərin müstəsna fəaliyyəti ilə bağlı anlayışların qeyri-vəkillər tərəfindən istifadə edilməsi qadağan olunub: "Bu dəyişiklikdən irəli gələrək İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə dəyişiklik edilib və vəkil adından qanunsuz istifadə ilə bağlı normalar təkmilləşdirilib".
Anar Bağırov bildirib ki, digər mühüm dəyişikliklərdən biri "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanunda intizam pozuntusuna yol vermiş vəkillərə münasibətdə tətbiq olunan intizam tənbehi tədbirlərinin seçilməsi zamanı konkret meyarların müəyyən olunması, həmçinin vəkillərin intizam icraatı proseduruna yeniliklərin edilməsi ilə bağlıdır.
O vurğulayıb ki, qanunvericiliyə edilmiş dəyişikliklərdən irəli gələrək Kollegiyanın bir sıra daxili sənədlərinin qəbul edilməsi, habelə mövcud sənədlərə əlavə və dəyişikliklərin edilməsi Vəkillər Kollegiyasının ali orqanı olan Vəkillər Kollegiyası üzvlərinin Konfransının müstəsna səlahiyyətinə aiddir.
O bildirib ki, son 3 il ərzində Rəyasət Heyətinin 62 iclası keçirilib: "Bu iclaslarda vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və icbari təlimi uğurla başa vuran vəkilliyə namizədlərin andiçmə mərasimləri keçirilib, Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb, bəzi vəkillərin dövlət qulluğuna qəbul olunması ilə əlaqədar vəkillik fəaliyyətlərinin dayandırılması, onların mükafatlandırılması, öz ərizələri ilə vəkillik fəaliyyətinə xitam verilməsi, müəyyən müddətdə üzvlük haqqından azad olunması, maddi yardımın edilməsi, başqa vəkil qurumlarına keçməsi ilə bağlı müraciətlər, habelə Rəyasət Heyətinin səlahiyyətləri çərçivəsində digər məsələlər müzakirə olunub".
A.Bağırovun sözlərinə görə, qeyd olunan 3 il ərzində Kollegiyanın aparatına 15 mindən çox müraciət daxil olub, həmçinin 2 yeni şöbə – Qəbul şöbəsi, eləcə də Monitorinq və ümumiləşdirmə şöbəsi yaradılıb.
Sədr vurğulayıb ki, qanunla Rəyasət Heyətinin üzərinə qoyulmuş vəzifələrdən biri də statistik hesabatların toplanılması və ümumiləşdirilməsidir: "Uzun illər bu hesabatların toplanılmasında problemlər mövcud olsa da, artıq bu məlumatlar tam qaydada toplanılıb".
Onun sözlərinə görə, vətəndaşların keyfiyyətli hüquqi yardıma çıxışının təmin edilməsi, müdafiə hüququnun effektiv həyata keçirilməsi və məhkəmə icraatında tərəflərin bərabərliyinin qorunması müstəqil vəkillik fəaliyyətinin konstitusion əsaslarını təşkil edir və bu institutun cəmiyyət üçün əhəmiyyətini bir daha təsdiqləyir.
Sədr qeyd edib ki, post-sovet məkanında vəkillik institutuna tam müstəqillik verən ilk dövlətlərdən biri Azərbaycan olub: "Ümummilli Lider Heydər Əliyev tərəfindən 28 dekabr 1999-cu ildə "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanunun imzalanması ilə Azərbaycan tarixində ilk dəfə vəkillik tam müstəqil, hakimiyyətin heç bir qolundan asılı olmayan bir təsisat kimi formalaşıb".
A.Bağırov vurğulayıb ki, Azərbaycanda vəkillik institutunun inkişafı və nüfuzunun artırılması istiqamətində qəbul edilmiş çoxsaylı normativ-hüquqi aktlar və həyata keçirilən islahatlar Ulu Öndərin layiqli davamçısı, möhtərəm cənab Prezident İlham Əliyevin adı ilə də birbaşa bağlıdır.