BAKI, 1 iyul. TELEQRAF

“Sputnik Azərbaycan”ın redaksiyasında keçirilən əməliyyat zamanı həbs olunan şəxslərin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanın təqdimatına baxılıb.

Teleqraf xəbər verir ki, Xətai rayon Məhkəməsində istintaq orqanın təqdimatı təmin olunub.

“Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) icraçı direktoru İqor Kartavıx və redaktor Yevgeniy Belousovun hər biri 4 ay həbs qətimkan tədbiri seçilib.

Təqsirləndilən şəxslərə Cinayət Məcəlləsinin 178.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq), 192.2.2 (qanunsuz sahibkarlıq - eyni əməllər təkrar törədildikdə), 192.2.3 (qanunsuz sahibkarlıq - mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma - mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) və 193-1.3.2-cü (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma - xeyli miqdarda törədildikdə) maddələri ilə ittiham elan edilib.

***

17.05

"Sputnik Azərbaycan”ın redaksiyasında keçirilən əməliyyat zamanı həbs olunan direktor İqor Kartavıx və əməkdaş Yevgeni Belousovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə istintaq orqanı tərəfindən təqdimat daxil olub.

Teleqraf-ın xəbərinə görə, təqdimata Xətai Rayon Məhkəməsində baxılacaq.

Yaxın saatlarda təqdimata baxılacağı gözlənilir.

Qeyd edək ki, “Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) 2025-ci ilin fevralında akkreditasiyası dayandırılsa da qanunsuz maliyyələşmə əsasında fəaliyyətini davam etdirməsinə dair daxil olmuş əməliyyat məlumatı əsasında Daxili İşlər Nazirliyi (DİN) araşdırmalara başlayıb.

İyunun 30-da filialın ofisində əməliyyat-axtarış tədbirləri keçirilib.

Məlumata görə, "Sputnik Azərbaycan"da əməliyyat nəticəsində binadan çıxarılan şəxslər direktor İqor Kartavıx və əməkdaş Yevgeni Belousovdur.