BAKI, 26 iyun. TELEQRAF
Rusiya müdafiə nazirinin keçmiş müavini, ordu generalı Dmitri Bulqakovun cinayət işi üzrə istintaq hərəkətləri başa çatıb.
Teleqraf TASS-a istinadən xəbər verir ki, bunu həbsdə olan generalın vəkili bildirib.
Onun sözlərinə görə, İstintaq Komitəsi istintaqı iyunun 17-də tamamlayıb. Hazırda D.Bulqakov cinayət işi materialları ilə tanış olur.
Müdafiə tərəfi qeyd edib ki, D.Bulqakova irəli sürülmüş ittihamlar onun hərbi xidməti dövrü ilə bağlı deyil. Çünki general həmin vaxt artıq təqaüddə idi.
"İttihamın son variantı dəyişməyib. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi ilə, xüsusilə külli miqdarda dələduzluqda ittiham olunur", - deyə vəkil bildirib.
İttiham aktına əsasən, general ötən il avqustun 7-də Sankt-Peterburqda yerləşən M.Kirov adına Hərbi Tibb Akademiyasında daxili və xarici işıqlandırma sistemləri üzrə enerji sərfiyyatını azaltmaq məqsədilə bağlanmış müqavilələrlə bağlı dələduzluqda təqsirləndirilib.
İstintaqa görə, bir milyard rublluq müqavilənin icrasına Bulqakovun nəzarətində olan bir şirkət cəlb edilib. İşin süni şəkildə şişirdilmiş qiymətlərlə yerinə yetirildiyi və subpodratçıya əsassız olaraq 50 milyon rubla yaxın avans ödənişi köçürüldüyü bildirilir.
Dmitri Bulqakov özünü təqsirli bilmir. Onun sözlərinə görə, həmin müqavilə onun hərbi xidmətdən ayrıldıqdan pensiyaya çıxdığı vaxtdan iki il sonra bağlanıb.
O, qeyd edib ki, bu işlə heç bir əlaqəsi yoxdur.
70 yaşlı general hazırda istintaq təcridxanasında saxlanılır. Moskva Basmannı Məhkəməsi onun həbs müddətini 2025-ci il iyulun 25-dək uzadıb.
Xatırladaq ki, Bulqakov 2008-2022-ci illər ərzində Rusiya müdafiə nazirinin müavini vəzifəsində çalışıb. Eyni zamanda Silahlı Qüvvələrin maddi-texniki təchizatına nəzarət edib. 2016-cı ildə "Rusiya Qəhrəmanı" fəxri adına layiq görülüb.