BAKI, 25 iyun. TELEQRAF

Masallıda Viləşçay Su Anbarı İstismar İdarəsinin əməkdaşı olmuş, həmçinin "7 gün" internet xəbər qəzetinin baş redaktoru və təsisçisi Cavid Şirəliyevin dələduzluğu ilə bağlı cinayət işinin məhkəmə prosesi keçirilib.

Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə cinayət işindəki sənədlər elan olunub.

Sənədlərdən görünür ki, Cavid Şirəliyev Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il azadlıqdan məhrum edilib, Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə onun haqqında Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunaraq cəzası 3 il 6 aya endirilib, cəzasının sonu ilə azadlığa buraxılıb.

Daha sonra sənədlərdə üzləşmə protokolu elan olunub. İstintaq ifadələrində təqsirləndirilən şəxs özünü ittiham üzrə təqsirli bilmədiyini göstərib.

Bundan əvvəlki iclasda təqsirləndirilən şəxs təzyiqlərlə məruz qalması barədə iddialar səsləndirib. Məhkəmə bununla bağlı müvafiq quruma sorğu göndərilib.

Baş Prokurorluğun Tədqiqat İdarəsindən sorğuya cavab verilib. Qeyd olunub ki, Cavid Şirəliyevin işgəncəyə məruz qalması barədə şikayəti araşdırılıb və göstərilən fakt üzrə cinayət işinin başlanması rədd edilib.

Bildirib ki, Cavid Şirəliyev işgəncəyə məruz qalması barədə iddiası sübuta yetirilməyib.

Növbəti proses iyunun 30-da davam edəcək.

İbtidai istintaq zamanı məlum olub ki, Masallıda Viləşçay Su Anbarı İstismar İdarəsinin əməkdaşı olmuş, Masallı rayon Ərkivan qəsəbə sakini Cavid Şirəliyev həmyerlisi, Rusiya vətəndaşı Ağağül Nəsirovun Masallıda fəaliyyət göstərən bazarda tikilməkdə olan "Sərfəli" ticarət mərkəzinə müdir təyin etmək adı ilə onun 83 min manatını mənimsəyərək dələduzluq etməkdə təqsirləndirilib.

Qeyd edək ki, tərəflər arasında sövdələşmələr Nərimanov rayonunun ərazisində aparıldığı üçün cinayət işınin istintaqı Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsində tamamlanaraq məhkəməyə göndərilib.

Cavid Şirəliyev barəsində Cinayət Məcəlləsinin 178.2.3 (dələduzluq külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb və barəsində həbs qətimkan tədbiri seçilib.