BAKI, 25 iyun. TELEQRAF
Türkiyədə arvadının sevgilisini öldürüb qaçaraq Azərbaycana gələn və illər sonra İnterpol xətti ilə Bakıda tutulan Can İlker Behlülün öz ölkəsinə ekstradisiya edilməsi ilə bağlı təqdimata baxılıb.
Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Ədliyyə Nazirliyinin və Baş Prokurorluğun əməkdaşları Can İlker Behlüllə bağlı ekstradisiya olunması barədə məsələ müzakirə olunub.
Ekstradisiya ilə bağlı bildirilib ki, Türkiyədə onun barəsində qəsdən adam öldürmə maddəsi ilə qiyabi həbs qərarı var və beynəlxalq axtarışa verilib.
Onlar məhkəmədən təqsirləndirilən şəxsi öz ölkəsinə təhvil verilməsi ilə bağlı qərar verilməsini istəyib.
Təqsirləndirilən Can İlker Behlül isə Azərbaycandan getmək istəmədiyini bildirib: "Mən uzun illərdir burda yaşayıram, Bakıda azərbaycanlı ilə evlənmişəm, uşağım var. Ailəm buradadır, xahiş edirəm Türkiyəyə ekstradisiya etməyin".
Daha sonra müşavirə keçirən hakimlər heyəti qərar elan edilib. Hakimlər heyəti təqsirləndirilən şəxsin Türkiyəyə ekstradisiya edilməsi barədə qərar qəbul edib.
Qeyd edək ki,Can İlker Behlül uzun illər əvvəl Türkiyədə arvadı və onun sevgilisi bıçaqlayıb. Onlardan kişi ölüb, qadın isə xəsarət alıb.