BAKI, 24 iyun. TELEQRAF

Rusiya müdafiə nazirinin keçmiş müavini Timur İvanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf xəbər verir ki, Moskva Şəhər Məhkəməsində prokuror ittiham nitqi üzrə çıxış edib.

Prokuror Timur İvanova 14 il 6 ay azadlıqdan məhrumetmə cəzası tələb edib.

Dövlət ittihamçısı T.İvanovun ümumi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməsini, onun 2,5 milyard rubl məbləğində dondurulmuş aktivlərinin Rublyovkadakı əmlakı, avtomobil kolleksiyası və bank hesablarındakı vəsaitlərin müsadirə edilməsini də istəyib.

Anton Filatov üçün isə altı ay həbs cəzası təklif olunub.

İttihama əsasən, T.İvanov "Interkommerts" bankından 3,9 milyard rublun çıxarılması və yuyulmasında iştirak edib. İttiham aktında qeyd olunur ki, həmin vəsaitlər müxtəlif saxta müqavilələrlə xaricə göndərilərək mənimsənilib.

Bağlı qapılar arxasında keçirilən məhkəmə prosesində T.İvanovla yanaşı, Müdafiə Nazirliyinin tabeliyindəki "Oboronlogistika" şirkətinin keçmiş rəhbəri Anton Filatovun da adı hallanır. Rusiya Cinayət Məcəlləsinin 160.4 və 174.1-ci maddələri ilə hər iki şəxs xüsusilə külli miqdarda vəsaitin mənimsənilməsi və leqallaşdırılmasında ittiham olunurlar.

İstintaq Komitəsinin məlumatına görə, cinayətlər 2015-ci ildə, T.İvanov “Oboronstroy” ASC-nin baş direktoru, A.Filatov isə onun törəmə müəssisəsi “Oboronlogistics”in rəhbəri olduğu vaxt törədilib.

Onların fəaliyyətinə "Interkommerts" Bankın o dövrdəki İdarə Heyətinin sədri Aleksandr Buqayevski, Kredit Departamentinin rəis müavini Aleksey Rezvan və "Tourinvest Services Limited" şirkətinin baş direktoru, Almaniya vətəndaşı Feliks Noyberq də daxil olub.

İstintaq bildirir ki, 2015-ci ilin aprelində Müdafiə Nazirliyinin göstərişi ilə iki bərənin alınması üçün ayrılan 901,8 milyon rublun yalnız 685,2 milyonu faktiki alışa xərclənib. Yerdə qalan 216 milyon rubl isə mənimsənilib.

Bundan əlavə, 2015-ci ilin əvvəlində "İnterkommerts" Bankının lisenziyası ləğv olunmazdan əvvəl müttəhimlər 3,92 milyard rubl vəsaiti saxta valyuta əməliyyatları vasitəsilə bankdan çıxarıblar. Vəsaitlərin xaricə avadanlıq və tikinti materiallarının alınması adı ilə göndərildiyi, əslində isə şübhəli əməliyyatlarla leqallaşdırıldığı iddia olunur.

Müttəhimlər onlara qarşı irəli sürülmüş ittihamları qəbul etməyiblər.

Qeyd edək ki, Timur İvanov hazırda daha iki epizod üzrə, xüsusilə külli miqdarda rüşvət almaqda (Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 290.6-cı maddəsi) da ittiham olunur.

Rusiya İstintaq Komitəsinin məlumatına görə, o, 1,185 milyard rubl və əlavə olaraq 152 milyon rubl rüşvəti "Olimpstroy" şirkətinin rəhbəri Aleksandr Fomindən alıb. Fomin də rüşvət verməkdə ittiham edilərək məsuliyyətə cəlb olunub.