BAKI, 21 İyun. TELEQRAF

“Face studio”nun sahibinin keçmiş həyat yoldaşı Fidan Həsənovanın ittihamları ilə əlaqədar Ali Məhkəmə məlumat yayıb.

Məhkəmədən Teleqraf-a verilən xəbərə görə, Bədirova (Həsənova) Fidar Fariz qızı və Bədirov Rüfət Çingiz oğlu arasında 25 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri 9 saylı Mediasiya Təşkilatında Barışıq sazişi bağlanıb:

Barışıq sazişinin şərtlərinə əsasən nikahları pozulduqdan sonra 2020-ci il təvəllüdlü uşağın yetkinlik yaşına çatanadək R.Bədirovun himayəsinə verilməsi, F.Bədirovaya isə uşaqla hər həftənin cümə günü görüş və ünsiyyət imkanın yaradılması razılaşdırılıb. Razılşamaya əsasən F.Bədirovaya aylıq 10 min manat məbləğində aliment ödəniləcək, F.Bədirovaya avtomobil veriləcək, digər daşınar və daşınmaz əmlaklar isə R.Bədirovun mülkiyyətində saxlanılacaq.

Bundan sonra, F.Bədirova məhkəməyə müraciət edərək, Azərbaycan dilini yaxşı bilməməsi səbəbindən imzaladığı sazişin şərtlərini anlamadığına, habelə vəkil və mediator tərəfindən aldadılmasına istinad etməklə Barışıq Sazişinin bir sıra bəndlərinin etibarsız hesab olunmasını xahiş edib.

Birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçının istinad etdiyi əsaslar öz təsdiqini tapmamışdır. Bununla yanaşı, birinci instansiya məhkəməsində izahatı alınmış mediator M.Qafarova bildirmişdir ki, hər iki tərəf vəkilləri ilə təmsil olunaraq mediasiya prosesində könüllü olaraq iştirak etmişlər, barışıq sazişinin imzalnması zamanı iddiaçıya hər hansı psixoloji təzyiq göstərilməmiş, habelə barışıq sazişinin şərtləri birgə müzakirə edilmiş və Fidan Bədirova sazişin şərtlərinin azərbaycan dilində oxunduqdan sonra ona aydın olduğunu göstərib.
Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2024-cü il 20 iyun tarixli qətnaməsi ilə F.Bədirovanın iddiası iddia tələbinin əsaslarının öz təsdiqini tapmaması əsası ilə təmin olunmayıb.

Daha sonra, iddiaçı Fidan Bədirovanın bu qətnamədən verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 17 yanvar tarixli qətnaməsi ilə təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılıb.
Apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərkən göstərmişdir ki, iddiaçı, yuxarıda qeyd edilən şəxslər tərəfindən aldadıldığını bildirsə də, bu hal sübuta yetmir. Məhkəmə F.Bədirovanın sazişin şərtlərini dərk etməsini işdə olan səsli videoyazı ilə mübahisələndirilən sazişin imzalanması tarixindən 2 gün əvvəl F.Bədirova və R.Bədirovun birlikdə sonuncunun ofisində aralarındakı nikahın pozulması ilə bağlı mübahisənin bağladıqları sazişin şərtlərinə uyğun qaydada həll olunacağına dair danışıqlarının mövcudluğu ilə də əsaslandırlb.

Belə ki, həmin audio-video yazıdan aşkar surətdə bəlli olmuşdur ki, iddiaçı onunla R.Bədirovun arasında gedən söhbətin mahiyyətini anlamış, uşağın R.Bədirovda qaldığı halda kimin tərəfindən qulluq olunacağı barədə sual verib, uşağın atada qalması təkliflərini rədd etməyib, əlavə olaraq istifadəsində olan avtomobilin onda qalmasını xahiş edib.

Apellyasiya instansiyası məhkəməsi həmçinin göstərmişdir ki, iddiaçı Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Azərbaycan dili bölməsində ali təhsil almışdır. Bundan əlavə olaraq, F.Bədirovanın məhkəməyə ünvanlanmış audio-video müraciətində də Azərbaycan dilində səlis və aydın tərzdə çıxış edə bilməsi müəyyən edilib.
İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayəti 2025-ci ilin 2 may tarixində Azərbaycan Respublikasının Ali Məhkəməsinə daxil olmuş və prosessual qanunvericiliyin müəyyən etdiyi müddət ərzində baxılaraq, Mülki kollegiyasının 2025-ci il 21 iyun tarixli qərarı ilə təmin edilməyib.

Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən işin həlli zamanı maddi və prosessual hüquq normaların pozulmasının müəyyən olunmadığı qənaətinə gəlib.

Əlavə olaraq qeyd olunmalıdır ki, hazırki işdə barışıq sazişinin etibarsızlığı tələbinə baxıldığından, iddianın rədd edilməsi uşağın anadan məcburi qaydada alınaraq ataya verilməsi üçün əsas deyildir. Uşağın anadan məcburi qaydada alınaraq ataya verilməsi üçün mediasiya sessiyasında imzalanmış bu barışıq sazişinin R.Bədirovun iddiası üzrə məhkəmə qaydasında təsdiqi tələb olunur".