BAKI, 18 iyun. TELEQRAF

Bakının Xəzər rayonunda yaxın qohumunu güllələyərək qətlə yetirməkdə təqsirləndirilən Pərviz Xudaverdiyev və onun əmisi oğlu Seymur Xudaverdiyevin cinayət işinin məhkəmə prosesi keçirilib.

Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham nitqi ilə çıxış edib.

Prokuror Pərviz Xudaverdiyevin 14 il, Seymur Xudaverdiyevin isə 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Təqsirləndirilən şəxslərin vəkilləri müdafiə nitqində müvəkkilləri barədə ədalətli qərar çıxarılmasını istəyiblər. Təqsirləndirilən şəxslər son söz deyiblər. Sonra hakimlər hökmü elan ediblər.

Pərviz Xudaverdiyev 12 il, Seymur Xudaverdiyev 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətl hadisəsi 2023-cü ilin noyabrın 1-də Xəzər rayonu Şağan qəsəbəsində baş verib. İş adamı 53 yaşlı Cavanşir Abdullayevin "Revolver" markalı tapança ilə qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb. Cinayət əməlini törətməkdə şübhəli bilinən 38 yaşlı Pərviz Xudaverdiyev polisə gələrək könüllü təslim olub.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. Hadisəni törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Pərviz Xudaverdiyev ölən şəxsin qohumu olub.

C.Abdullayev Pərvizin əmisi Mərdəkanlı Aminin qudası imiş. İlkin iddiaya görə, C. Abdullayevin oğlu Ruhulla bir müddət əvvəl Pərvizin bacısını qaçırıb. Belə ki, Ruhulla Pərvizin bacısını boşadığı üçün münaqişə yaranıb. Mərhum C.Abdullayev quyu qazan texnikanın sürücüsü kimi, P. Xudaverdiyev isə qəssab kimi fəaliyyət göstəriblər.

Onu da xatırladaq ki, ötən il avqustun 7-də saat 20 radələrində paytaxtın Xəzər rayonu Mərdəkan qəsəbəsində 1972-ci il təvəllüdlü Xudaverdiyev Amin Cabir oğlunun ov tüfəngi ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Cinayət əməlini törətməkdə şübhəli bilinən 1993-cü il təvəllüdlü Abdullazadə Ruhulla Cavanşir oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

Amin Xudaverdiyev uzun illər Rövşən Lənkəranskinin tərəfdarları sırasında yer alıb. 2012-ci ildə Rövşən Lənkəranski ilə Nadir Səlifovun yaxın adamı Qoca ləqəbli Etibar Ələkbər oğlu Məmmədovun arasında insident yaşanarkən Amin Xudaverdiyev birincinin tərəfində dayanıb. Bundan sonra isə uzun illər Rövşən Lənkəranskinin sağ əli hesab olunub.

Ruhulla Abdullazadənin işinə ayrıca icraatda baxılıb və o, 11 il müddətinə azadlıqdan məhrum edilib.