.jpg)
BAKI, 18 iyun. TELEQRAF
“TikTok”da əxlaqsızlığın təbliğinə qarşı keçirilən əməliyyatlarda həbs olunmuş şair İlhamə Elşadqızı barəsində cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrlik etdiyi prosesdə şahid qismində Anar İbrahimov ifadə verib.
O bildirib ki, Yasamal Rayon Polis İdarəsinin narkotiklə mübarizə bölməsinin rəis müavini olub. 2024-cü ilin dekabr ayında İlhamə Elşadqızının narkotik saxladığı barədə məlumat əldə edib. İlhamə Elşadqızının öz razılığı ilə evinə baxış keçiriblər, evin yataq otağında narkotik aşkar olunub.
Şahid qeyd edib ki, İlhamə Elşad qızından əlavə anası da evdə olub: "Təqsirpəndirilən şəxsə qarşı təzyiq göstərilməyib. Vəkilinin iştirakı ilə üzərinə baxış keçirilib. Hadisə yerində videoçəkiliş aparılıb. Hər şey görüntü ilə olub. Heç bir qanunsuz hərəkətə yol verilməyib".
İlhamə Elşadqızı isə polislərin hərəkətində narazı olduğunu deyib: "Mən uşaq deyiləm, kifayət qədər yaşım var. Nə danışırlar, yalan danışırlar. Mənim qoluma qandal vuranlara şeir yazmışam".
Hakim təqsirləndirilən şəxsə xəbərdarlıq edib və deyib ki, bura şeir yeri deyil.
İlhamə Elşadqızı heç vaxt narkotik qəbul etmədiyini, gözəl insan olduğunu deyib: "Mənə şər-böhtan atırlar. Mənim günahım yoxdur".
İlhamə Elşadqızının evindən əməliyyat zamanı 200 manatın oğurlanması barədə iddiası şahid tərəfindən təkzib olunub.
Növbəti proses avqustun 13-də davam edəcək.
Qeyd edək ki, İlhamə Elşadqızına Cinayət Məcəlləsinin 234.1-1 (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi üzrə ittiham irəli sürülüb.