BAKI, 18 iyun. TELEQRAF

"Hazırda Azərbaycanda hakim sayı 650 nəfərdir".

Teleqraf xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü, Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov Türk Dövlətləri Təşkilatına üzv ölkələrin məhkəmə şuralarının 3-cü iclası və Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin 20 illiyinə həsr olunmuş “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar” adlı beynəlxalq konfransda deyib.

O bildirib ki, məqsədimiz hakimlərin sayını 3 dəfə artırmaqdır:

"2019-cu ildə biz 650 rəqəminə çatdıq. Gələn il bizim vəzifəmiz daha 150 hakimin seçilməsidir. Ona görədə Məhkəmə-Hüquq Şurasında müxtəlif təhlillər gedir. Əvvəllər hakimlərin seçilməsi prosesi 6 imtahandan ibarət idi. Bu proses ümumilikdə 2 ili əhatə edirdi".

Çingiz Əsgərovun sözlərinə görə, 2005-ci ildən hakimlərin müddətsiz təyinatı təsbit edilib, onların seçimində yeni qaydalar qəbul olunub.

Həmin qaydalara əsasən, seçim proseduru çoxmərhələli imtahan və müsahibələrdən, habelə uzunmüddətli kurs və təcrübədən ibarət olmaqla, Məhkəmə-Hüquq Şurasının formalaşdırdığı Hakimlərin Seçki Komitəsi tərəfindən həyata keçirilir.

Qeyd olunmalıdır ki, Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) hesabatına əsasən hər 100 min əhaliyə düşən hakim sayı Azərbaycanda orta Avropa göstəricisindən 3 dəfə aşağıdır və Avropada ən aşağı göstəricilərlə xarakterizə olunur.

Ölkəmizdə bu rəqəm hazırda təxminən 6,3, Avropada isə 17.6-dır.