BAKI, 13 iyun. TELEQRAF

Yarım milyard manatlıq vəsaiti leqallaşdırmaqda və vergidən yayınmaqda ittiham olunan Bahadır Qasımov, qardaşı İkram Qasımov, onların əmisi oğlu Fərhad Qasımov, eləcə də Cavid Əzizov, Vəli Əliyev və Anar Əhmədovun məhkəmə prosesi keçirilib.

Teleqraf xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə cinayət işindəki sənədlər tədqiq olunub.

Məhkəmədə təqsirləndirilən şəxslərin SMS yazışmaları və digər sənədlər açıqlanıb.

Təqsirləndirilən İkram Qasımovun vəkili Vüqar Əliyev SMS məlumatlarının elan olunmasını istəyib. Yazışmalar elan edilərkən məlum olub ki, təqsirləndirilənlər öz aralarında razılaşmalardan danışıblar, alış-verişdə nə qədər pul aldıqlarını göstəriblər.

Vəkil Kamandar Nəsibov müdafiə etdiyi təqsirləndirilən şəxsin mobil telefonuna baxış keçirilməsini istəyib. Digər vəkil Vüqar Əliyev isə bildirib ki, bu böyüklükdə işdə audit yoxlaması 4 səhifədən ibarətdir.

Kamandar Nəsibovun sözlərinə görə, ekspertin barəsində xüsusi qərardadın çıxarılmasını tələb edəcəklər. O, hesab edir ki, ekspertin verdiyi rəy uydurma əsaslarla çıxarılıb.

Daha sonra bir neçə vəsatət müzakirə olunub. Həmin vəsatətlərdən biri əmtəəsünaslıq ekspertizasının keçirilməsidir. Vəkillər əvvəlki ekspertiza rəyləri ilə razılaşmadıqlarını deyiblər. Digər vəkil isə hüquqlarını müdafiə etdiyi təqsirləndirilən Cavid Əzizovun əmlakları üzərindən həbsin götürülməsini istəyib. Bildirib ki, Cavid Əzizovun ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsindən əmlak müsadirəsi çıxarılıb.

Vəkil deyib ki, müstəntiq əmlakların üzərinə həbs qoyulması barədə sənədi təqdim edən zaman əmlakların cinayət yolu ilə əldə olunub-olunmamasını araşdırmayıb. Həmçinin Cavid Əzizovun qohumlarının adına olan əmlakların üzərinə də həbs qoyulub. O, həmin əmlakların üzərindən həbsin götürülməsini, əmlak sahiblərinin məhkəməyə dəvət olunaraq dindirilməsini istəyib.

Vəsatətlərə münasibət bildirən dövlət ittihamçısı onların təmin olunmamasını tələb edib.

Hakimlər müşavirə keçirərək qərarı elan ediblər, vəsatətlər təmin olunmayıb.

Növbəti proses iyulun 25-də davam edəcək.

Qeyd edək ki, 2023-cü ildə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi Yasamal rayonu ərazisində yerləşən ofisdə qanunsuz pul köçürmələri həyata keçirilməsinə qarşı əməliyyat keçirib.

Əməliyyatla mütəşəkkil cinayətkarlıqla məşğul olmaqda şübhəli bilinən 6 nəfər – Bahadır Qasımov, onun qardaşı İkram Qasımov, onların əmisi oğlu Fərhad Qasımov, Cavid Əzizov, Vəli Əliyev və Anar Əhmədov həbs edilib.

İttihama görə, onlar xarici ölkədən Azərbaycana, Azərbaycandan xarici ölkəyə qanunsuz pul vəsaitləri köçürüblər. Qanunsuz olaraq bank fəaliyyəti həyata keçirməklə külli miqdarda vergi ödəməkdən yayınıblar. Dəstə üzvləri bu işlərlə bağlı öz aralarında vəzifə bölgüsü də aparıblar.

Pulların leqallaşdırılması Bakının Yasamal rayonunda, İstanbul və Dubaydakı ofislərdə həyata keçirilib.

Şirkət vasitəsilə xarici ölkələrə ümumilikdə 254 milyon 409 min 947 manat qanunsuz pul köçürülüb. Həmin vəsaitin 1 faizi - 2 milyon 500 min manatı xidmət haqqı kimi onların özünə qalıb.

Ofisdə və İ.Qasımovun yaşadığı evdə axtarış zamanı 1 milyon 500 min dollar, 1 milyon 400 min manat, ABŞ istehsalı olan odlu silahlar, ümumi dəyəri 1 milyon manata yaxın qiymətləndirilən 100-ə yaxın qızıl-brilyant əşyalar tapılıb. Qızıl-zinət əşyalarının ölkəyə qaçaqmalçılıq yolu ilə gətirildiyi bildirilir.

Həbs edilmiş şəxslərin özlərinin və ailə üzvlərinin çoxsaylı əmlakı, eləcə də 100-ə yaxın bahalı avtomobilin, digər minik vasitələrinin üzərinə həbs qoyulub.

Hesablamalara əsasən, bütün əmlakların ümumi dəyəri yarım milyard manata yaxındır.