BAKI, 10 iyun. TELEQRAF

Cinayətkar birlik (banda) təşkil edərək Bakı şəhərinin müxtəlif ərazilərində bir sıra ağır və xüsusilə ağır cinayət əməlləri törətməkdə təqsirləndirilən və uzun müddət axtarışda olan Xalid Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi etdiyi prosesdə ittiham aktı elan olunub.

Hakim Səbuhi Hüseynov təqsirləndirilən şəxsin diqqətinə çatdırıb ki, irəli sürülən ittihamlar sübuta yetirilərsə, o, ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilə bilər.

Xalid Tağıyev özünü qismən təqsirli bilib. Bildirib ki, üç nəfəri qətlə yetirib. O, digər ittihamlarla razılaşmayıb.

Növbəti məhkəmə prosesi iyulun 8-nə təyin olunub.

Qeyd edək ki, 1 senytabr 2000-ci ilədək qüvvədə olan Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirləndirilərək barəsində axtarış elan olunmuş Xalid Tağıyev barəsində Baş Prokurorluğun İstintaq idarəsində araşdırma aparılıb.

İstintaqla Xalid Tağıyevin 1995-1999-cu illər ərzində cinayətkar birlik (banda) təşkil edərək bandanın digər üzvləri ilə birgə Bakı şəhərinin müxtəlif ərazilərində bir sıra ağır və xüsusilə ağır cinayət əməlləri törətməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Onun 1998-ci il sentyabrın 2-də Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən fərdi yaşayış evinə basqın etməsinə, ev sahibi Məmməd Hacıyevi, həmin ilin sentyabr ayının sonunda Sabunçu rayonu, Bilgəh qəsəbəsində Arif Quliyevi, 1999-cu ilin sentyabr ayının 11-də isə Zahid Vəliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Xalid Tağıyevin həmin cinayətkar dəstənin tərkibində oğurluq, quldurluq, nəqliyyat vasitələrini qaçırma, rəsmi sənədləri və möhürləri oğurlama, vəzifəli şəxsin adını özbaşına mənimsəmə, dövlət əmlakını oğurlama, müvafiq icazə olmadan odlu silah və döyüş sursatı əldə etmə, saxlama, gəzdirmə və saxta sənəddən istifadə edərək Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qanunsuz olaraq keçməyə cəhd etmə hallarında da iştirak edib.

1 iyul 2000-ci il tarixdə Azərbaycan Respublikasının 1 senyabr 2000-ci ilədək qüvvədə olan Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilərək barəsində beynəlxalq axtarış elan edilmiş Xalid Tağıyev cari il fevralın 12-də hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq istintaqa təqdim edilib, növbəti gün ona rəsmi ittiham elan olunub və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

2025-ci il aprelin 29-da təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikasının 1 sentyabr 2000-ci ilədək qüvvədə olan Cinayət Məcəlləsinin 70, 94-cü maddəsinin 1, 6, 7, 8-ci bəndləri, eləcə də hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 29, 318.1 və 320.2-ci maddələri ilə yeni ittiham irəli sürülüb.