BAKI, 5 iyun. TELEQRAF
"Təbriz" MTK-nın rəhbəri Nofəl Hacıyev və şirkətin icraçı direktoru Talış Məhəmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf-ın xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrlik etdiyi prosesdə ötən iclasdakı iki qərarın icrası məsələsi açıqlanıb.
Hakim bildirib ki, təqsirləndirilən Nofəl Hacıyevə məxsus əmlakların üzərinə həbs qoyulub, qərar icraya yönəlidilib. Bundan başqa, telefon danışıqları ilə bağlı sorğu göndərilməsi məsələsi də araşdırılacaq.
Qeyd edək ki, ötən məhkəmə iclasında "Atlant" İstirahət Mərkəzinin sahibinin vəkili Nofəl Hacıyevə məxsus 7 milyon manatlıq əmlakının üzərinə həbs qoyulmasını istəmişdi.
Məhkəmə prosesində Nofəl Hacıyev vəziyyətinin yaxşı olmadığını deyib və bunu on gün əvvəl qardaşı Rövşənin vəfat etməsi ilə əlaqələndirib. O, məhkəmədə iştirak edən maraqlı şəxs - “Atlant”ın sahibi Tahir Qədəşovu ittiham edib: "Mən 30 il sənin qulun olmuşam. Allah sənə lənət eləsin!"
Tahir Qədəşov isə onun fikirlərinə əhəmiyyət verməyib. Mübahisə zamanı Nofəl Hacıyevin səhhəti pisləşib. O, özünü yaxşı hiss etmədiyi üçün məhkəmə zalına tibb bacısı dəvət olunub. Nofəl Hacıyevə tibbi yardım göstərilib.
Müayinədən sonra məlum olub ki, təqsirləndirilən şəxsin təzyiqi yüksəkdir. Bu səbəbdən iclasın təxirə salınması qərara alınıb. Buna isə zərərçəkmişlər etiraz ediblər. Bildiriblər ki, onların da səhhəti yaxşı deyil.
Hakim isə zərərçəkmişlərin diqqətinə çatdırıb ki, cinayət işi hərtərəfli araşdırılır: "Bu günə kimi 26 iclasımız olub. Biz işi tam araşdırırıq".
Zərərçəkmişlər prosesin davam etdirilməsini tələb ediblər.
Prosesdə təqsirləndirilən şəxsin səhhəti ilə bağlı qısa fasilə elan olunub. Fasilədən sonra yenə də məlum olub ki, təqsirləndirilən Nofəl Hacıyevin səhhəti yaxşı deyil. Ona tibbi yardım göstərilsə də, vəziyyəti yaxşılaşmayıb. Bu səbəbdən iclasın davam etdirilməsinin mümkün olmadığı qeyd edilib.
Növbəti proses iyunun 19-da davam edəcək.
Bundan əvvəlki iclasda çıxış edən Nofəl Hacıyev bildirib ki, "Atlant" İstirahət Mərkəzinin ərazisində tikinti aparmaq üçün yaşıllığı Tahir Qədəşov məhv edib, 800-dən çox ağacı kəsib. O, Tahir Qədəşovun cinayət əməlləri ilə bağlı Baş Prokurorluğa müraciət olunacağını deyib.
Qeyd edək ki, Nofəl Hacıyev 2018-2022-ci illər ərzində “Təbriz” MTK-nın inşası davam edən binasından bir mənzili bir neçə şəxsə sataraq dələduzluq yolu ilə 172 vətəndaşdan ümumilikdə 14 milyon manat əldə edib.
Nofəl Hacıyev “Atlant” İstirahət Mərkəzinin rəhbəri Tahir Qədəşovun kürəkəni olmaqla yanaşı, mərkəzin şəriklərindən biri hesab olunur.
İttihama görə, vətəndaşlardan toplanan vəsait “Atlant”ın təmir və tikinti işlərinə sərf olunub.
Cinayət işi çərçivəsində “Atlant” İstirahət Mərkəzinin əmlakına həbs qoyulub. Əgər məhkəmə hökmü çıxarılarsa, bu əmlak zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsi məqsədilə müsadirə oluna bilər.
“Atlant”ın sahibi Tahir Qədəşovdur. Məhkəmədə onun da məsuliyyətə cəlb olunması tələb edilmişdi. Bu vəsatət hələlik baxılmamış qalır.
“Atlant” İstirahət Mərkəzi Nabran qəsəbəsində, dəniz sahilində yerləşir.