BAKI, 4 iyun. TELEQRAF

Bakıda bıçaqlanma hadisəsi törətməkdə təqsirli bilinən 2007-ci il təvəllüdlü Emil Əzimovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Anket məlumatları dəqiqləşdirilən zaman məlum olub ki, Emil Əzimov faktiki anası və atası tərəfindən övladlığa götürülüb. Onu himayə edən ana deyib ki, Emil bacısı nəvəsinin oğludur, öz övladları olmadığı üçün onu götürüblər.

İstintaq orqanı Emil Əzimovu məhkəmədə təmsil etmək üçün faktiki ata-anasını yox, uşağı övladlığa götürən şəxsin qardaşını, yəni faktiki dayısı olduğu Elman Kərimovu qanuni nümayəndə kimi qeydiyyata alıb.

Məlum olub ki, Emil Əzimov övladlığa götürülsə də, rəsmi qeydiyyata alınmayıb. Buna görə də faktiki ata-anası qanuni nümayəndə kimi təmsil oluna bilməz. Məhkəmədə də qanuni nümayəndə Elman Kərimovun olduğu müəyyənləşib.

O bildirib ki, bacısı uşağı övladlığa götürüb. Onun sözlərinə görə, əsil atası olmadığı üçün onu qanuni nümayəndə kimi tanıyıblar. Onlar əsil atasının harada olduğunu bilmədikləri deyiblər.

Təqsirləndirilən şəxsin öz valideynləri istintaqa gəlmədiyi üçün onlar istintaq orqanı tərəfindən qeydiyyata alınmayıblar. Hazırkı ailə də onların harada olduqlarını bilmədiklərini deyiblər.

Hakim bildirib ki, Emil Əzimov ailə tərəfindən himayəyə götürülüb, amma övladlığa götürülmə barədə şəhadətnamə yoxdur. Qanunda birbaşa nəzərdə tutulub ki, övladlığa götürülmə rəsmi qaydada dövlət qeydiyyatına alınmaqla aparılır, övladlığa götürülmə ilə bağlı şəhadətnamə verilir.

Hakim xatırladıb ki, qanuni nümayəndə yaxın qohum olduğu halda qeydiyyata alınır. Bu da ata, ana, baba və nənənin olması nəzərdə tutulub.

Hakim bu məsələnin mübahisəli olduğunu, araşdırmaya ehtiyac yarandığını deyib.

Buna görə də növbəti iclas iyunun 19-a kimi təxirə salınıb.

Bakını Qaradağ rayonu Qobustan qəsəbəsində yaşayan Emil Əzimov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 221-ci (xuliqlıq) maddəsi ilə ittiham irəli sürülüb.