BAKI, 29 may. TELEQRAF
Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Qaradağ rayon şöbəsinin sədri Zaur Əsgərov və Binəqədi şöbəsinin üzvü Gündüz Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrlik etdiyi prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror təqsirləndirilən Zaur Əsgərovun 7 il, Gündüz Mirzəyevin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Növbəti məhkəmə prosesi iyunun 5-nə təyin olunub.
İttihama görə, Zaur Əsgərov və Gündüz Mirzəyev həbs edilməmişdən bir müddət əvvəl sosial şəbəkələrdə Azərbaycanda konstitusiya quruluşunun zorla dəyişdirilməsi, vəzifəli şəxslərin qətlə yetirilməsi, vətəndaş müharibəsi və digər cinayət xarakterli zorakı hərəkətlərə açıq çağırışlar səsləndiriblər. Onlar bu hərəkətləri ilə geniş əhali kütləsini bu kimi fəaliyyətlərə təşviq ediblər.
Dövlət əleyhinə çağırışlar etmiş və hazırda məhkum olunmuş Elşən Kərimov və digər şəxslər sosial şəbəkələrdə "Azərbaycan naminə birlik" platforması, həmçinin AXCP-nin dostluq qrupu yaradıblar. Həmin qruplara adamları topladıqdan sonra çağırışlar etməyə başlayıblar. Orada əxlaqsız ifadələr işlədiblər, cihada çağırışlar ediblər.
Həmçinin vəzifəli şəxslərə itaətsizlik etməyə yönələn çağırışlar yayıblar.
Qeyd edək ki, Zaur Əsgərov və Gündüz Mirzəyev martın 7-də saxlanılıblar. Onlara Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsiylə ittiham irəli sürülüb. Bu maddədə 5 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulub.