BAKI, 27 may. TELEQRAF

"Məclis.info" saytının rəhbəri İmran Əliyev, ictimai fəal Elgiz Qəhrəman və Tamella Musayevanın cinayət iş üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrlik etdiyi prosesdə anket məlumatları dəqiqləşdirilib.

İmran Əliyevin vəkili məhkəməyə vəsatətlər verib, təqsirləndirilən şəxsin şüşə qəfəsdən çıxarılaraq müdafiəçinin yanında əyləşdirlməsini xahiş edib.

Müdafiəçi ikinci vəsatətində kağız formatında olan ittiham aktının istintaq orqanı tərəfindən elektron formada müdafiə tərəfinə təqdim edilməsini istəyib.

Vəkil digər vəsatətində cinayət işi təqibinə xitam verilməsini xahiş edib. Onun sözlərinə görə, ittiham aktında cinayət işi ilə bağlı sübut yoxdur.

Təqsirləndirilən İmran Əliyevin müdafiəçisi Rəsul Cəfərov məhkəməyə bildirib ki, vəsatəti təmin edilməyərək cinayət işinə xitam verilməyəcəyi təqdirdə müvəkkili barəsində seçilmiş həbs qətimkan tədbirinin həbslə bağlı olmayan qətimkan tədbirilə əvəz edilməsini xahiş edib.

Məhkəmə təqsirləndirilən İmran Əliyevin vəkilin yanında əyləşdirilməsi vəsatətini təmin edib.

Digər vəsatətlər təmin olunmayıb.

Məhkəmə işin baxışa verilməsi ilə bağlı qərar verib. Məhkəmənin növbəti iclası 10 iyunda keçiriləcək.

Qeyd edək ki, Məclis.info saytının rəhbəri İmran Əliyev ötən il aprelin 19-da həbs edilib.

İstintaq araşdırması zamanı Elgiz Qəhrəman və Tamella Musayeva da iş üzrə məsuliyyətə cəlb olunublar.

Təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 8 maddəsi ilə 192.2.2 (küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 192.2.3 (mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (xeyli miqdarda törədildikdə), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 213.2.1 (vergiləri ödəməkdən yayınma - mütəşəkkil dəstə tərəfindən törədildikdə),320.1 (sənəd saxtalaşdırma), 320.2 (saxta sənədlərdən istifadə etmə) ittiham elan olunub.

İmran Əliyevin barəsində həbs qətimkan tədbiri seçilib. Digər iki təqsirləndirilən - Elgiz Qəhrəman və Tamella Musayevanınn barəsində polis nəzarəti altında olma qətimkan tədbiri seçilib.