BAKI, 11 aprel. TELEQRAF

Tanınmış yazıçı və publisist İlham Əzizin "Qəvvas" adlı ilk romanının təqdimat və imza mərasimi keçirilib.

Teleqraf-a açıqlamasında İ.Əziz romanla bağlı təəssüratını bölüşüb: "Qəvvas" romanı insanın mahiyyəti və taleyi arasındakı gərgin qarşıdurmanı incə psixoloji çalarlarla açır. Roman insanın bəlalar içində saflaşaraq yenidən doğulmasını, özünü tapmasını əks etdirir".

İlham Əziz əlavə edib ki, mövzu 90-cı illərdə Azərbaycanda yaşayan bir fərdin düşdüyü böhranla bağlıdır: "Bizim qəhrəmanımız həyatının mirvarisini həm Azərbaycanda, həm də Rusiyada axtarır. Və sonda o da vətənini sevən bütün insanlar kimi öz mirvarisini tapır. "Qəvvas" romanı klassik janrda yazılıb. Dünyanın yeni tendensiyaları və müasir roman üslubu nəzərə alınıb".

Mətbuat Şurasının sədri Rəşad Məcid İlham Əzizin “Qəvvas” romanının uğurlu olacağını düşünür: "İlham Əzizin qələmi əvvəlki kitabından - hekayələrindən oxuculara tanışdır. O, hekayələri ilə yeni təxəyyül forması ortaya qoyub. Bu kitab indiyə qədər qələmə alınmamış yeni bir təcrübədir və yazıçının ilk romanıdır. Bu mənada uğurlu olacağını düşünürəm. Seymur Baycanın əsər haqqında sosial media üzərindən paylaşımını görmüşəm. Əminəm ki, "Qəvvas" romanı oxucuların axtardığı bir əsər və bestseller olacaq".

"Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camal yazıçının yaradıcılığı haqqında fikirlərini bölüşüb: "İlham Əzizin bəzi hekayələrini oxumuşam və əminəm ki, "Qəvvas" romanı da zəhmətinin, müşahidələrinin, oxuduqlarının, yaşadıqlarının məhsulu kimi ortaya çıxıb. Diqqət və maraq doğuracaq bir əsər olduğuna bəri başdan əminəm. Çünki İlham Əziz maraqlı insan və maraqlı yazıçıdır. Mən həmişə deyirəm ki, gözəl mətn möcüzədir. İlham Əziz gözəl mətn yaratmağın möcüzəsini, texnikasını bilir. Ümumiyyətlə, bir yazıçı özü insan kimi maraqlı olmalıdır ki, gözəl əsərlər yaratsın. Onunla söhbət edən zaman adama elə gəlir ki, gözəl bir hekayə oxuyursan. Bizim sosial media üzərindən yazışmalarımız var və mən hətta düşünürəm ki, İlham Əzizlə yazışmalarımızı da bir hekayəyə çevirmək olar. Ədəbiyyatın dəbdə olmadığı bir vaxtda ədəbiyyat üçün çalışanlar təqdirə və təşəkkürə layiqdirlər. İlham Əzizə buna görə təşəkkür edirəm və gələcək fəaliyyətində uğurlar arzu edirəm".

Qeyd edək ki, təqdimat mərasimində media və yazıçı camesi, müəllifin dostları və oxucuları iştirak ediblər. Tədbirin sonunda İ.Əziz imzalı kitablarını iştirakçılara bağışlayıb.