Prodüser Tarix Əliyev (Tolik) bloger Ülvi Nadirov və Fatimə Nadirova cütlüyünü sərt şəkildə tənqid edib.

Teleqraf.com xəbər verir ki, Tarix Əliyev aparıcılıq etdiyi "Ümid ilə gəl" verilişində bu sözləri deyib:

"Blogerlər sosial mediada etirazını bildiriblər ki, illərlə işlədiyimiz restoranlar xəbərimiz olmadan mahnı qoyublar. Bilirsiniz ki, biz müharibə vaxtı və qardaş Türkiyədə zəlzələ zamanı kömək etmişik. Sənə nə etməliyik? Çox sağ ol deməliyik? Bu sənin borcundur, etməlisən. Gəlmisən, heç yerə pul və vergi ödəmədən İnstaqramda pul qazanırsan. Ailənlə birlikdə xaricdə fotosessiyalar edib, kasıb camaatın hissi ilə oynayırsan.

Yarışlar keçirir, 3 ətir, 2 şampun verirsən. Kasıb camaat da səni izləyir ki, şampunu udsun. Sonra onlara şampunu verəndə çəkirsən, göstərirsən. 500 manat pul verirsən, əlinlə göstərirsən. Amma bir açılışa 2 minə gedirsən. Bizə niyə minnət qoyursan?

Bəlkə yığışıb sizə "xalq artisti" fəxri adı verək?! Bir bloger görmədim ki, şəhid şəkli paylaşsın. Hekayə bölümündə paylaşırlar. Onsuz da onlar tarixdə qalacaqlar. Siz İnstaqram olmasa heç yerdə adınız olmayacaq. İnfluenser, tiktoker olublar. Siz bəzi elektron mağazalarının satılmayan malını reklam edib, satdıran ola bilərsiniz ancaq. Ağıllı olun".

Qeyd edək ki, Ülvi və Fatimə Nadirova cütlüyü İnstaqramda "İllərdir şəhid verdiyimiz zaman restoranda canlı musiqi səslənməyib. Ötən aylarda Türkiyədəki zəlzələ zamanı da qardaşlarımızın acısını paylaşıb, musiqini dayandırmışıq. İndi öz ölkəmizdə yas olan gün belə bir şey edərik? Heç vaxt! Xəbəri eşitdiyimiz anda canlı musiqi dayandırılıb",-deyə vurğulayıblar.