Məşhur müğənni Günay İbrahimli "Şazeli Bahçe"də konsert proqramı ilə çıxış edib.
Günay İbrahimli Teleqraf.com-a açıqlamasında konsertlə bağlı təəssüratlarını bölüşüb: "Bu məkanda konsert proqramı ilə çıxış etmək aparıcı Zümrüd Bədəlovanın ideyası idi. Biz artıq yay konsertlərinə start vermişik. Bu da o konsertlərdən biridir. Burada sadəcə olaraq atmosfer başqadır. Pandemiyadan sonra yavaş-yavaş konsert verməyə öyrəşirik. Bundan başqa digər məkanlarda da konsertim olacaq. Tamaşaçılarım gəlib məni canlı dinləyə bilərlər. Avqustun sonuna qədər inşallah fərqli məkanlarda konsertlərim baş tutacaq. Hazırda klip çəkilişinə hazırlaşırıq. Mahnını 2018-ci ildə oxumuşam. Bir az qalmaqallı mahnıdır. Bir türk müğənnisi də bu mahnını oxuyub. Amma mahnı mənimdir. Çox gözəl bir mahnıdır".
İfaçı səhnə libasından da danışıb:
"Geyimim "İbrahimli boutigue" aiddir və parçası "Dior" markasının 2022-ci il kolleksiyasına məxsusdur. Hələ paltara qiymət təyin etməmişəm, amma satışa qoyulacaq".
Günay İbrahimli "Bu gün sizi səhnədən ailə üzvlərinizdən kim izləyəcək?" sualına isə
"Bu gün ailə üzvlərimdən burada iştirak etmirlər. Amma mənim dostlarım buradadır, aparıcı Alidə Mustafayeva, Şəhriyar Əbilov gəlib. Konsertlərimə qiymətlər fantastik deyil, əlçatandır, hamıya münasibdir. Bu səbəbdəndə hər kəs gəlib konsertimdə iştirak edə bilər. Bu gün ailə üzvlərimin başqa işi olduğuna görə gələ bilmədilər",-deyə cavab verib.
İfaçı "Şou-biznesdə illərdir ki, öz yerinizi qoruyub saxlayırsınız. İlk üçlükdə xalq artistləri Aygün Kazımova, Röya Ayxan və siz varsınız" sualına isə "Bu çox çətindir. İnşallah ümid edirəm ki, bu statusu qoruyub saxlayaram. Çünki bu yerə əziyyətlə gəlmişəm. O əziyyəti yerə salmaq göz ilə qaş arasındadır. Balansı saxlamağa çalışıram",-deyə cavablandırıb.
Qeyd edək ki, Günay İbrahimli səhnədə sevilən mahnılarını səsləndirib.