Tanınmış modelyer, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova Teleqraf.com-un "Sözünü de" layihəsində qonaq olub.

Onunla müsahibəni təqdim edirik:

- Fəxriyyə xanım, yaxın günlərdə "Azerbaijan Fashion Week" baş tutdu. Kolleksiyanız orada nümayiş olundu. Həmin günü "Sevgi səfiri" də seçildiniz. Təəssüratlarınızı eşitmək istərdik.

- Bəli, "Azerbaijan Fashion Week", yəni "Azərbaycan moda həftəsi" adlı tədbir keçirildi, orada kolleksiyam nümayiş edildi. Moda sahəsində çox gözəl bir hadisə idi. Mənim üçün moda kolleksiyamın nümayişi həyatımda ən mühüm hadisədir. Azərbaycan moda həftəsində mütəmadi kolleksiyalarım göstərilir.

Pandemiyadan sonra Azərbaycan moda həftəsi fəaliyyətə başlayanda, ötən ilin dekabrında möhtəşəm zəfərimizdən ilham alaraq Qarabağa şahzadə zəfərini göstərdim. Çox gözəl bir obraz idi. Real Qarabağ şahzadəsi İbrahimxəlil xanın qızı Ağabəyim ağanın obrazının vəsfi idi. "Xarıbülbül - milli simvolumuz" adlı kolleksiyamda "Qarabağ kəlağayısı"nı təqdim etdim. Bu mövsümdə isə "Bahar-yay 2022" kolleksiyası nümayiş olundu.

Kolleksiyamın adı "Bella-rose" idi, italyan dilindən tərcümədə "Gözəl qızılgül" deməkdir. Bu, əbəs yerə deyil. Libaslarıma uyğun çox gözəl aksessuarları isə tanınmış italyalı dizayner gətirdi. Kolleksiyamda qızılgülün ən gözəl rəng çalarları nümayiş edildi.

Qızılgül mənim ən sevdiyim çiçəklərdəndir. "Azerbaijan Fashion Week" çərçivəsində İtaliyadan mənim üçün bir sürpriz gəldi. "Sevgi səfiri" seçildim. İtaliyada qədim zamanlardan belə bir təşkilat var. Təşkilatın loqosu həm ürək, həm də qızılgüldür. Mənim də "Nuray" ətirlərimin simvolu ürəkdir.

Başqa ətrimin adı isə "Rose de Lamour"dur. Təşkilatla pandemiyadan əvvəl Romada səfərdə olanda tanışlaşdıq və təklif etdilər ki, təşkilatın səfiri seçilim. Təklifi çox böyük məmuniyyətlə qəbul etdim.

Pandemiyaya görə diplomun vaxtında təqdimatı alınmadı və diplom "Azerbaijan Fashion Week" çərçivəsində təqdim olundu. Diplom İtaliyanın "San Valentino" adlanan qədim mədəniyyət mərkəzi tərəfindən təqdim edildi.

Bu, beynəlxalq təşkilatdır. Əsas missiyası sevgini, gözəlliyi, mərhəməti və xeyriyyəçiliyi təbliğ etməkdir. Gələcəkdə beynəlxalq tədbirlərdə səfir kimi iştirak edəcəyəm. Səfirlərin sayı çox deyil. İtaliya, Yaponiya, İngiltərə və Amerikada var. Mən isə dünyada ilk xanım səfirəm.

Fəaliyyətim boyunca hər zaman sevgini, gözəlliyi, mərhəməti, yardımsevərliyi, yaxşılığı təbliğ etməyə çalışmışam. "Sevginin səfiri" insanlığa, yer kürəsinə sevgidir. Bu diplom sevgi bəxş etməyi bacaran insanlara verilir. Mən də illər boyu tədbirlərdə iştirak etmişəm. Öz fəaliyyətimlə paralel olaraq xeyriyyə tədbirlərinə qatılmağa çalışmışam. 44 günlük Vətən müharibəsi bitən kimi YAŞAT fondunun səfiri seçildim. Bu istiqamətdə də əlimdən nə gəldisə etdim. Sahibkarları, sahibkar xanımları bu işə cəlb edərək qazilərimizin sağlamlıq və digər problemlərinə dəstək olmağa çalışdıq.

- Xeyriyyə tədbirlərində çox aktivsiniz. Gələcəkdə siyasətlə məşğul olmaq kimi bir fikriniz varmı?

- Xeyr, belə bir fikrim yoxdur. Mənim dünyada yaxınlarımdan, ailə üzvlərimdən, övladımdan sonra ən çox sevdiyim peşəm var. Bu peşəmi əldə etmək üçün Bakı Dövlət Universitetinin Biologiya fakültəsini bitirdim. Aspiranturadan sonra Türkiyəyə getdim. Moda peşəsinə yiyələnən ilk türk məzunlarından biriyəm.

Peşəmdə öz sözümü deməyi bacardım. Milyonlarla Azərbaycan dəb sevərlərinin rəğbətini qazandım. Beynəlxalq qurumlar çərçivəsində bu ildən beynəlxalq mədəniyyət layihəsində səfir kimi fəaliyyət göstərəcəm. Həmişə inanırdım ki, nə vaxtsa buna da nail olacam. Əslində, xoşməramlı səfir kimi də fəaliyyət göstərmək ürəyimdən keçən bir istək idi. Bu isə təsadüf oldu.

Düşünürəm ki, bu istiqamətdə fəaliyyətim daha effektiv və qənaətbəxş olacaq. Hər zaman deyirəm ki, hər işi peşəkarcasına görmək lazımdır. Mən bu işlərin peşəkarıyam. Peşəkarlığı daha da artırıb fəaliyyətimə davam etmək fikrindəyəm.

- Qarabağda moda nümayişi təşkil etməyi düşünürsünüzmü?

- Mədəniyyət Nazirliyinin "Şuşa ili" münasibəti ilə "Şuşa söhbətləri" adlı layihəsi var. Orada çıxış etdim və fəaliyyətimə aid təkliflərimi verdim. Qarabağ xanlığının milli geyimlərinin bərpası və müasir versiyasının yaradılması ilə yanaşı "Qarabağ kəlağayı"sının bərpası haqda təkliflərimi təqdim etdim. Zamanında Şuşada ipəkçilik olub və "Qarabağ kəlağayı"ları rənginə, formasına görə fərqlənib.

Qarabağ xanlığı zadəgan xanlıq olduğuna, orada çoxlu sayda bəylər, bəy ailələri yaşadığına görə həm milli geyimlər, həm də kəlağıyılar çox füsunkar təsiri bağışlayıb. Mən bu təklifi də vermişəm. Artıq kəlağayı istehsalçıları tərəfindən müsbət reaksiya var.

Birlikdə Qarabağ kəlağayılarının modelinin hazırlığına başlanılıb. "Qarabağ kəlağayıları" brendini də təqdim edəcəyik.

- Maraqlıdır ki, "Sevgi səfiri"nin gözəllik sirri nədir?

- Əslində, kimlərsə mənə yaxınlaşıb gözəl sözlər deyəndə sevinirəm. Saysız-hesabsız insanlar yaxınlaşıb deyirlər ki, Fəxriyyə xanım, siz çox gözəlsiniz. Həmişə deyirəm ki, bütün nailiyyətlər özümünküdür. Amma zahiri görünüşüm öz nailiyyətim deyil, bunu ana-atamdan götürmüşəm.

İnsanın daxili dünyası zəngin, niyyəti gözəl olmasa, onun gözəlliyi işıq saçmaz. Mən sevinirəm ki, insanlara gözəllik bəxş etdikcə öz gözəlliyim solmur. Çalışıram ki, qızılgül kimi insanlara zövq verim, gözəllik bəxş edim.

- Dünyada dəb ikonaları xarici görünüşlərini tez-tez dəyişirlər. Siz daim eyni formadasınız və imicinizi qoruyub saxlayırsınız. Buna səbəb nədir?

- Bu imic deyil, özüməm. Əslində, necə varamsa eləyəm. Arxiv fotolarıma baxsanız görərsiniz ki, məndə heç bir dəyişiklik yoxdur. Məni tamaşaçılar, dəb sevərlər belə tanıyırlar. Düşünürəm ki, hər hansı dəyişikliyə ehtiyacım yoxdur. Saçımın rəngi də eynidir. Özümlə çox barışıq insanam. Özümü çox rahat hiss etdiyimə görə əlavə dəyişikliyə ehtiyac görmürəm.

- Karyerist xanım olaraq öz həmcinslərinizə nə demək istərdiniz?

- Xanımlara çox tövsiyələrim ola bilər. Müasir zəmanəmizdə xanımlar öz peşələrində rahat irəliləyirlər. Qadın sahibkarlığı çox inkişaf edib. Xanımlara tövsiyə edirəm ki, hansı istiqamətdə bacarıqları varsa orada da olsunlar. Məsələn, "Azerbaijan Fashion Week" çərçivəsində çoxlu yaradıcı xanım sahibkarlar iştirak etdilər.

Xanımlarımız uğurla kreativ ideyalarını reallaşdırsınlar. Onlara məsləhət görürəm ki, öz karyeraları üzərində daim işləsinlər, özlərini realizə etmək üçün istiqamətlər axtarıb tapsınlar, fəal olsunlar. Tərəddüd, qorxu hisslərini kənara qoysunlar. Ona görə ki, müasir zəmanəmiz kreativ ideyalara, yeniliklərə çox açıqdır. Yenilikçi olmaq lazımdır.

Ən önəmlisi xanımlarımız karyera və ailə arasında bir balans tapıb, özlərini realizə edə bilsinlər. Azərbaycanlı xanım üçün ailə ən vacib məfhumdur. Onların öncəliyi uşaqlarını böyütmək, təhsil verməkdir.