Xalq artisti Flora Kərimova xərçənglə mübarizə aparan əməkdar artist Tünzalə Əliyevaya (Toppuş bacı) dəstək olub.

Teleqraf.com xəbər verir ki, Flora Kərimova şəxsi İnstaqram səhifəsində xəstəliyi qara ciyərinə yayılan əməkdar artistə güclü olmağı tövsiyə edib:

"Tünzalə qızım, xoşbəxt qadın xoşbəxt ana olandır. Xoşbəxt insan, ətrafındakı insanların ona olan rəğbətinə şahidlik edəndir. Xoşbəxt sənətçi isə şadlığına sevinən, kədərini bölüşən tamaşaçısı olandır. Ömrün bu bəxşişlərini çoxdan almısınız. Həyatın dəyəri, insanın mənliyidir. Güclü olmaq dözüm deyil, əzm deyil... Güclü qadın, özünün bir parçasına - "Anam hər zaman haqlıdır. Anam doğrusunu bilir. Anam ən gözəl insandır" kəlimələrini əməlləri ilə örnək olub dedizdirə biləndir. Bunu da siz bacarmısınız. İndi bir can sınağınız var. Bunun da öhdəsindən gələcəksiniz. Keçəcək. Əminəm. Sizin sevginizdən, niyyətinizdən, arzularınızdan əminəm. Tanrının böyüklüyündən əminəm. Yaxın günlərdə "həyata gözəl dərs verdin, qızım" deyib, saçlarınızdan öpəcəyimdən".

Qeyd edək ki, Tünzalə Əliyeva həftəlik kimyaterapiyaya başlayıb.