İqtisadi Tədqiqatlar Mərkəzi Hesablama Palatasının illik hesabatları ilə bağlı müzakirələr aparılıb.

Teleqraf.com-un məlumatına görə, İctimai Vəsaitlərə Effektiv Nəzarət Sistemi Layihəsi çərçivəsində aparılan araşdırmalar barədə məlumat verən İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov layihənin icra edilməsinin cəmiyyət üçün önəmli olduğunu dedi:

“Dünya təcrübəsindən çıxış edərək ictimai vəsaitlərə kənar qurumların təsiri gərəkli amil sayılır. Amma apardığımız araşdırmalar zamanı məlum oldu ki, Hesablama Palata bu imkanı məhdud şəkildə yaradır. Bu da qurumun fəaliyyətindəki müəyyən nöqsanlarla bağlıdır. Hesablama Palatasınını dövlət vəsaitlərinə tam nəzarət edə bilməsi üçün kadr potensialına ehtiyacı var. Hazırda palata tam nəzarəti ələ ala bilmir. Bu da onların kadr potensialının çatışmazlığından irəli gəlir. Məsələn, qurum milyardlarla dollara sahib Heft Fondunu audit predmeti hesab etmir. Bu onların kadr potensialanın çatışmazlığından irəli gəlir”.

Ekspert palatanın digər probleminin regionlarda nümayəndəliyinin olmaması ilə izah etdi: “Hesablama Palatasının yeganə daimi nümayəndəliyi Naxçıvan Muxtar Respublikasındadır. Ona görə də dövlət vəsaitlərinin digər bölgələrdə hansı qaydada həyata keçirilməsi sual altındadaır. Nöqsanlardan biri də kadr potensialının təcrübəsizliyidir. Xüsusilə dövlət büdcəsi haqqında rəyləri izahlı şəkildə ifadə olunmur”.

Vergi gəlirləri ilə büdcə gəlirlərinin uyğunsuzluğuna diqqət çəkən ekspert bildirdi ki, palata dövlət büdcəsinə rəy hazırlayərkən Satınalmalar üzrə Dövlət Agentliyinin fəaliyyətinə ötəri nəzər salır: “Əslində isə bu xərclərin istiqamətləndirilməsində Dövlət Agentliyinin fəaliyyəti geniş araşdırmalıdır. Bundan başqa yoxlamaların ictimaiyyətə açıqlamasında da müəyyən problemlər qalmaqdadır. Vətəndaş cəmiyyətinə btün məlumatlar çatdırılmalıdır. Düzdür, sonuncu dəfə Mədədniyyət və Turizm Naziriliyinin, Gənclər və İdman Nazirliyindəki bəzi nöqsanlar barədə məlumat verilsə də, bu, yoxlamalardan xeyli vaxt ötdükdən sonra baş verdi. Düşünürəm ki, Hesablama Palatası mütləq Dövlət Neft Fondunun fəaliyyəti barədə rəy bildirməlidir, çünki aparılan investisiya siyasətində köhnə texnologiyalardan istifadə edilməsi halları müşahidə olunub. Qanunvericiliyə görə palatanın iş planının hazırlanması, ölkə başçısının və Milli Məclisin aidiyyəti komitələrinin təklifi əsasında hazırlanmalıdır. Amma bu zaman vətəndaş cəmiyyətinin təklifləri də nəzərə alınmalıdır, bu istiqamətdə qanunvericiliyə dəyişiklik edilməsi zəruridir. Palatanın ictima hesabatlılığı artırılmalıdır. Məhz bu zaman palatanın müstəqil fəaliyyətini təmin etmək olar. Əgər layihə çərçivəsində ortaya çıxan faktlar, təkliflər nəzərə alınarsa, 2013-cü ildəkindən də artıq məlumatlılıq əldə etmək olar, palatanın fəaliyyəti ictimai inam predmetinə çevrilə bilər”.

Naibə QURBANOVA