BAKI, 16 iyun. TELEQRAF

Son 5 il ərzində Azərbaycanda gənclərin təhsilinə təxminən 2 milyard ABŞ dolları həcmində vəsait ayrılıb.

Teleqraf xəbər verir ki, bunu Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 2026-cı İllik Toplantısı çərçivəsində təşkil olunmuş "Sərhədsiz Gənclik: Müştərək Regional Rifahın Hərəkətverici Qüvvəsi" tədbirində maliyyə nazirinin I müavini Anar Kərimov bildirib.

Nazir müavini qeyd edib ki, həmin dövrdə Təhsil Tələbə Krediti Fondu da daxil olmaqla, 70 minə yaxın gənc müxtəlif təhsil proqramlarından faydalanıb. A.Kərimovun sözlərinə görə, gənclərə ayrılan vəsaitlər xərc deyil, milli inkişaf üçün strateji investisiyadır. Çünki IsDB-yə üzv ölkələrdə yaşayan milyonlarla gənc böyük inkişaf potensialına malikdir və bu potensial mütləq maliyyələşdirilməlidir.

Azərbaycanda gənclərə qoyulan sərmayəni həm də gənc sahibkarlığa dəstək kimi gördüklərini deyən nazir müavini, onların böyük bazarlara çıxışı üçün regional əməkdaşlığın vacibliyini vurğulayıb. O qeyd edib ki, Avropa, Mərkəzi Asiya və Yaxın Şərqin kəsişməsində yerləşən Azərbaycan Orta Dəhliz boyunca mühüm layihələrlə gənc sahibkarlar üçün regional imkanları genişləndirir.

Çıxışında vaxtilə IsDB-nin Gənc Peşəkarlar Proqramında iştirak etdiyini xatırladan A.Kərimov gənclərə qoyulan sərmayənin uzunmüddətli və dayanıqlı nəticələr verdiyini bildirib. Nazir müavini əlavə edib ki, gənclərə imkanlar məhz bu gün verilməlidir və bu missiya uğur qazanarsa, regionda sərhədsiz imkanlar və rifah mühiti formalaşacaq.