BAKI, 15 iyun. TELEQRAF

2025-ci ildə dövlət əmlakının və torpaqların icarəyə verilməsi üzrə proqnozun artıqlaması ilə yerinə yetirilməsinə baxmayaraq dövlət əmlakının icarəsi üzrə qalıq borcların həcmi artıb.

Teleqraf xəbər verir ki, bu barədə Hesablama Palatasının "2025-ci il dövlət büdcəsinin icrası" haqqında qanun layihəsinə verdiyi Rəydə bildirilir.

Məlumata görə, qalıq borcları 2024-cü ilin əvvəlinə 4,8 milyon manat, 2025-ci ilin əvvəlinə 6,6 milyon manat, 2026-cı ilin əvvəlinə isə 9,4 milyon manat təşkil edib.

2025-ci ilin sonuna mövcud olan qalıqların 80,9 min manatı dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların, 1 milyon 942,4 min manatı kommersiya prinsipləri əsasında fəaliyyət göstərən müəssisə və təşkilatlarda daşınmaz dövlət əmlakının icarəyə verilməsindən, 7 milyon 428,7 min manatı isə özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarə haqları üzrə formalaşıb.

Palatadan bildirilib ki, borcların 2026-cı ilin əvvəlinə daha 2,8 milyon manat artması bu sahədə əlavə tədbirlərin görülməsini zəruri edir.