BAKI, 12 iyun. TELEQRAF
2025-ci ilin sonuna 14 sifarişçi üzrə 265,9 mln. manat (əvvəlki ildə 188,6 mln. manat) debitor borc qeydə alınıb.
Teleqraf xəbər verir ki, bu barədə Hesablama Palatasının "2025-ci il dövlət büdcəsinin icrası" haqqında qanun layihəsinə verdiyi Rəydə bildirilir.
Sənədə əsasən dövlət əsaslı vəsait qoyuluşu xərcləri üzrə debitor borc 2024-cü ilə nisbətən 41,0% artıb, əsas pay su və irriqasiya sahəsinə aid olub.
Palata tərəfindən aparılan təhlil ilə müəyyən edilib ki, bu məbləğin 19,4%-i və ya 51,5 mln. manatı 1 sifarişçi üzrə hesabat ilində istifadə olunmayan vəsaitin İcmal hesabatda ödənilmiş vəsait kimi göstərilməsi hesabına yaranıb. Belə ki, Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumuna 4 layihə üzrə ödənilmiş 85 mln. manat vəsaitdən 51,5 mln. manat sifarişçinin bank hesabında istifadəsiz saxlanıldığı halda, İcmal hesabatda podratçılara ödənilmiş vəsait kimi göstərilib.
Debitor borcun 191,8 mln. manatı və ya 72,1%-i 30 layihə üzrə su və irriqasiya sahəsinin, 6,4 mln. manatı və ya 2,4%-i səhiyyə infrastrukturunun, 3,6 mln. manatı və ya 1,4%-i təhsil infrastrukturunun və s. payına aiddir.