BAKI, 2 iyun. TELEQRAF

Azərbaycanın mövcud elektrik şəbəkəsi bərpa olunan enerji mənbələrinin geniş miqyasda inteqrasiyası üçün hələ kifayət qədər böyük deyil.

Teleqraf xəbər verir ki, bu barədə energetika nazirinin müavini Elnur Soltanov Bakı Enerji Həftəsi çərçivəsində təşkil olunan panel müzakirəsində deyib.

Onun sözlərinə görə, böyük elektrik şəbəkələri bərpa olunan enerjinin fasiləlilik problemini daha effektiv idarə edə bilir, Azərbaycandakı kimi kiçik şəbəkələr isə bu baxımdan daha həssasdır:

"Azərbaycanın üstünlüklərindən biri qonşu ölkələrin enerji sistemləri ilə əlaqələrinin olmasıdır. Bu əlaqələr artıq enerjinin ixracına və ya enerji çatışmazlığı zamanı idxala imkan yaradır.

Elektrik enerjisi istehsal olunduğu anda istehlak edilməlidir. Buna görə də enerji sistemində istehsal və istehlak arasında balansın qorunması vacibdir", - deyə o bildirilib.

O həmçinin vurğulayıb ki, süni intellekt və məlumat mərkəzləri enerji təchizatına qarşı yüksək tələblər irəli sürür:

"Bu obyektlərin fasiləsiz və sabit enerji ilə təmin olunması zəruridir.

Bərpa olunan enerji mənbələrinin payı artdıqca sistemin dəyişkənliyi də artır. Bu səbəbdən enerji istehlakının genişlənməsi ilə enerji sisteminin etibarlı idarə olunması arasında balans tapılmalıdır.

Hazırda süni intellekt və məlumat mərkəzləri ilə bağlı müxtəlif ölkələrdə, o cümlədən Qətər və Küveytdə müzakirələr aparılır.

Enerji resurslarının modernləşdirilməsi və inkişafı məqsədilə 2027-ci ilədək yarım milyard dollardan çox investisiya yatırılması planlaşdırılır. Bununla da ölkənin enerji sisteminin gələcək çağırışlara və yeni imkanlara hazır olması hədəflənir".