BAKI, 2 iyun. TELEQRAF

SOCAR-ın transformasiyası çərçivəsində yaradılan SOCAR Green Azərbaycanda enerji səmərəliliyi və bərpa olunan enerji layihələrini genişləndirməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə “SOCAR Green”in baş direktoru Elmir Musayev Bakı Enerji Həftəsi çərçivəsində təşkil olunan "Enerji səmərəliliyi və ESCO investisiya platforması: Qlobal ESCO təcrübəsinin Azərbaycanın iri enerji istehlakçıları ilə əlaqələndirilməsi" adlı iclasda deyib.

E.Musayev qeyd edib ki, “SOCAR Green” fəaliyyətində həm bərpa olunan enerji (günəş, külək və dəniz küləyi), həm də enerji səmərəliliyi layihələrinə xüsusi önəm verir. “Azərbaycan bu sahədə böyük potensiala malik olsa da, keçmişdə aşağı enerji qiymətləri səbəbindən enerji səmərəliliyi prioritet olmayıb.

Onun sözlərinə görə, “SOCAR Green” hazırda Dövlət Su Ehtiyatları Agentliyi ilə əməkdaşlıq çərçivəsində iki pilot layihə həyata keçirir:

“Bu qurum ölkədə ən böyük elektrik istehlakçılarından biridir və sovet dövründən qalmış səmərəsiz infrastruktur ciddi modernizasiya imkanları yaradır.

Layihələr çərçivəsində avadanlıqların yenilənməsi, şəbəkələrin optimallaşdırılması, rəqəmsallaşma və bərpa olunan enerji mənbələrinin inteqrasiyası nəzərdə tutulur. Bu yanaşmanın nəticəsində 5–25% aralığında enerji səmərəliliyinə nail olunması planlaşdırılır.

SOCAR Green rəhbəri bildirib ki, layihələrin geri ödəmə müddəti 3–5 il təşkil edir və yeni avadanlıqların 25–30 illik istismar müddəti ilə müqayisədə bu, yüksək səmərəlilik göstəricisidir.

Onun sözlərinə görə, pilot layihələr üzrə razılaşmalar artıq imzalanıb və layihələrin gələn ilin əvvəlində istifadəyə verilməsi gözlənilir:

“SOCAR Green” növbəti mərhələdə SOCAR-ın ikinci ən böyük enerji istehlakçısı olan sənaye obyektlərində də oxşar layihələrin həyata keçirilməsini planlaşdırır. Şirkət bu modelin gələcəkdə Mərkəzi Asiya ölkələrində də tətbiq oluna biləcəyini istisna etmir”.