BAKI, 2 iyun. TELEQRAF
Türkiyədə enerji səmərəliliyi investisiyalarının həcmi təxminən 2 milyard dollardır. Hədəf isə bunu illik 6 milyard dollara çatdırmaqdır.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin Enerji Səmərəliliyi və İdarəetmə Assosiasiyasının (EYODER) Direktorlar Şurasının sədri və “ESCON Energy” şirkətinin baş direktoru Onur Ünlü Bakı Enerji Həftəsi çərçivəsində təşkil olunan “Enerji səmərəliliyi və ESCO investisiya platforması: Qlobal ESCO təcrübəsinin Azərbaycanın iri enerji istehlakçıları ilə əlaqələndirilməsi” adlı iclasda deyib.
O qeyd edib ki, ESCO (Enerji Xidmət Şirkəti) biznesi ümumi enerji səmərəliliyi bazarının təxminən 2,5–3%-ni təşkil edir:
“Bərpa olunan enerji tərəfində isə bu göstərici 5–10%-ə qədər yüksəlir.
Bu gün Türkiyədə Energetika Nazirliyi tərəfindən akkreditə olunmuş təxminən 70 enerji səmərəliliyi şirkəti aktiv şəkildə fəaliyyət göstərir. ESCO sahəsində isə təxminən 10 şirkət birbaşa enerji səmərəliliyi istiqamətində işləyir, əlavə olaraq 15 şirkət isə bərpa olunan enerji sahəsinə fokuslanır.
Türkiyənin Milli Enerji Səmərəliliyi Fəaliyyət Planına əsasən, 2030-cu ilə qədər 20,2 milyard dollarlıq investisiya nəzərdə tutulur. Bunun 5 milyardı dövlət, 15 milyardı isə özəl sektor tərəfindən yatırılacaq və məqsəd 100 milyon ton emissiyanın azaldılmasıdır. Bu plan çərçivəsində Türkiyə ESCO biznesini inkişaf etdirməyə və daha çox özəl investisiyanı bu sahəyə cəlb etməyə çalışır”.