BAKI, 2 iyun. TELEQRAF
“Şahdəniz kompressiya” layihəsində indiyədək 30% tamamlanma səviyyəsinə çatmışıq. Buna görə də 2029-cu ilə qədər sıxılma qurğusunu işə salmaği planlayırıq. Bu, “Şahdəniz” qaz yatağına yeni həyat verəcək.
Teleqraf xəbər verir ki, bu barədə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli jurnalistlərə açıqlamasında deyib.
O Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Azəri-Çıraq-Günəşli (AÇG) yatağında sərbəst təbii qaz (STQ) hasilatının ötən gün başladığını da xatırladıb:
“Bu, ilk hasilat quyusudur. Biz işi davam etdirəcəyik — yaxın zamanda daha bir quyu da qazılacaq. Daha sonra isə məlumatları təhlil edəcəyik və bu, potensial olaraq AÇG rezervuarının altında yerləşən qaz üçün milyardlarla dollar dəyərində bir investisiyaya gətirib çıxara bilər”.