BAKI, 2 iyun. TELEQRAF

Süni intellekt və rəqəmsal texnologiyalar Azərbaycanın enerji yataqlarının daha səmərəli işlənməsinə və hasilatın artırılmasına kömək edir.

Teleqraf xəbər verir ki, bu barədə “SLB” şirkətində Coğrafiyalar üzrə İcraçı Vitse-prezident Stiv Qassen Bakı Enerji Həftəsi çərçivəsində təşkil olunan paneldə deyib.

O qeyd edib ki, Azərbaycanın gələcəkdə enerji mərkəzi kimi mövqeyini gücləndirməsi üçün isə üç əsas amil vacibdir:

Bunlar texnologiyaya çıxış, investisiya mühiti və ixtisaslı kadrların inkişafıdır. Bu keçid dövrü həm çətinliklər, həm də böyük imkanlar yaradır və düzgün balans tapıldığı halda Azərbaycan bu yeni enerji mənzərəsində daha da güclü mövqeyə sahib ola bilər”.

S.Qassen əlavə edib ki, Azərbaycandakı tərəfdaşlıq çərçivəsində SOCAR ilə birlikdə köhnə və yetkin yataqların yenidən işlənməsi üzərində çalışırlar:

"Məsələn, “Bahar” yatağı kimi layihələrdə biz ən son rəqəmsal texnologiyaları və süni intellekt əsaslı subsurface modelləşdirməni tətbiq edirik. Bu yanaşma yeni rezervuar inkişaf konsepsiyalarını formalaşdırmağa və layihələrin daha səmərəli idarə olunmasına imkan verir.

Eyni zamanda BP ilə uzunmüddətli əməkdaşlıq çərçivəsində Azəri-Çıraq-Günəşli yataqlarında rəqəmsal və avtomatlaşdırılmış qazma texnologiyalarını tətbiq edirik. Bu, hasilatın optimallaşdırılması, xərclərin azaldılması və quyuların daha səmərəli idarə olunmasına xidmət edir.

Belə yanaşmalar həm cari hasilatın qorunmasına, həm də Azərbaycanın uzunmüddətli enerji ixracatçı mövqeyinin gücləndirilməsinə kömək edir".