BAKI, 1 sentyabr. TELEQRAF
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc Teleqraf-ın suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Zahid müəllim, Azərbaycanla Ermənistan arasında sülh prosesinin irəliyə aparılması istiqamətində hazırkı mərhələdə aparılan danışıqların, keçirilən görüşlərin, əldə edilən razılaşmaların mahiyyətini necə xarakterizə etmək olar? Sülh prosesinin davamı olaraq sərhədlərin dəqiqləşdirilməsi, anklavlar və digər məsələlərin həlli ilə bağlı yekun nəticəni görmək üçün nə qədər zamana ehtiyac var?
- Bişkekdə Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə sülh prosesinin artıq ən mürəkkəb mərhələlərindən birinə- dövlət sərhədinin delimitasiyasına ayrıca yer verilməsi sülhün məhz haradan başlandığını göstərir. Liderlərin görüşü barədə hər iki tərəfin yaydığı məlumatda Azərbaycan və Ermənistanın sərhəd komissiyalarının mühüm rolu qeyd olunub və onların işinin əldə edilmiş razılaşmalar əsasında davam etdirilməsinin vacibliyi vurğulanıb. Eyni görüşdə ticarət, tranzit, enerji əlaqələri və TRIPP üzrə praktiki addımların müzakirəsi göstərir ki, Bakı ilə İrəvan arasındakı yeni münasibətlər yalnız sülh müqaviləsinin imzalanması ilə ölçülmür. Prezident İlham Əliyev qalib lider kimi sərhəd xətlərini müəyyənləşdirir, iki dövlətin ərazilərinin hüdudlarını hüquqi, siyasi və fiziki olaraq rəsmi tanınan bir xəritəyə rəsmiləşdirir.

- Tarixən yerləşdiyimiz regionun taleyi və milli dövlət quruculuğunun ən mürəkkəb məsələsi də torpaqlar, inzibati vahidlər, toponomiya keçmişinin qorunması və mədəni-dini abidələrin pasportlaşması təşkil edib…
- Ona görə də yüzlərlə kilometr sərhəd xətti, sovet dövründə ən azı 7 dəfə aparılan cinayətkar dəyişikliklər, SSRİ Baş Qərargahında yalnız hərbi dislokasiyaları müəyyənləşdirmək məramı ilə hazırlanan müxtəlif xəritələr, anklavlar, yollar, yaşayış məntəqələri, su və enerji infrastrukturunun Zəfərdən sonrakı gələcəyi həll olunmalıdır. Azərbaycanla Ermənistan arasında müharibə başa çatıb, lakin dövlət sərhədinin böyük hissəsi hələ iki müstəqil ölkə arasında sonadək delimitasiya və demarkasiya edilməyib. Bu səbəbdən Bişkek görüşündə komissiyaların işinin ayrıca vurğulanması siyasi protokol yanaşması kimi qəbul olunmalıdır.
- Əsas hədəflər dedikdə nələr nəzərdə tutulur və bu istiqamətdə əldə edilən ilkin nəticələrə hansı amili nümunə göstərmək olar?
- Qarşıdakı illərdə görüləcək işlər hələ çoxdur. Azərbaycan və Ermənistan tərəfindən Baş nazirlərin müavinləri Şahin Mustafayev və Mher Qriqoryanın rəhbərlik etdikləri komissiyalar kifayət qədər ciddi hüquqi və texniki baza yaradıblar. 2024-cü ildə Qazax istiqamətində Bağanıs–Bağanıs Ayrım, Voskepar–Aşağı Əskipara, Kirants–Xeyrimli və Berkaber–Qızılhacılı sahələrində sərhədin bir hissəsi keçmiş SSRİ dağılan anda mövcud olan hüquqi respublikalararası xəttə uyğunlaşdırıldı. Sonrakı mərhələdə tərəflər delimitasiya işlərini Ermənistan–Azərbaycan–Gürcüstan sərhədinin kəsişmə nöqtəsindən başlayaraq şimaldan cənuba, İran sərhədinə doğru aparmaq barədə razılığa gəldilər.
.webp)
Proses artıq sərhəd üzərində təsadüfi görüşlər mərhələsini də keçib. 2025-ci ilin noyabrında komissiyaların 12-ci iclası Qəbələdə, 2026-cı ilin aprelində 13-cü iclası isə Ermənistanın Ağveran şəhərində keçirildi. Şahin Mustafayevin Ermənistana səfəri işğal dövründən fərqli olaraq, mühüm siyasi hadisə idi. Ağveranda tərəflər delimitasiya üzrə ekspert qruplarının fəaliyyəti, vahid delimitasiya xəritəsinin hazırlanması, sənədlərin rəsmiləşdirilməsi və dərc olunması qaydaları haqqında təlimat layihələrini razılaşdırdılar. Baş nazirlərin müavinləri həmin görüşdə təkbətək də danışdılar.
- Bu amilin sülh və etimad mühitinə təsiri haqqında yanaşmalar necədir? Uzun on illiklər qarşı-qarşıya dayanmış və nifrət hissi ilə formalaşmış ictimai təfəkkürdə nələr dəyişir?
- Bir vaxtlar sərhəddə yaxınlaşmaq ciddi hərbi insidentə səbəb olurdu. İndi Azərbaycan Baş nazirinin müavini Ermənistana gedir, İrəvan rəsmiləri Azərbaycana gəlir, geodeziya, koordinatlar və xəritələr üzərində mübahisə kabinet və ekspert səviyyəsinə keçir. Müharibənin siyasi dildən çıxmasının əlamətlərindən biri də sərhəd məsələsinin generallardan geodezistlərə keçməsidir. Lakin ən ağır mərhələ hələ qabaqdadır.

Ermənistanın Baş naziri Nikol Paşinyanın avqustun 27-də verdiyi açıqlama ölkəsi daxilində də geniş müzakirə doğurdu. Baş nazir yenidən bəyan etdi ki, Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisi 29 743 kvadratkilometrdir. Onun sözlərinə görə, rəsmi rəqəmə Ermənistanın Azərbaycan daxilində qalmış Artsvaşen eksklavı daxildir, Azərbaycanın Ermənistan ərazisi daxilində yerləşən üç anklav sahəsi isə orada yer almayıb. Paşinyan real Ermənistan kursundan kənara çıxaraq, müxtəlif mifik iddiaları və tarixi ərazi axtarışlarını hökumətin siyasətinə daxil etməyin, ərazisini daha böyük göstərməyin Azərbaycan torpaqlarına iddia və növbəti qanlı toqquşmalara yol açacağı mənasına gəldiyini söylədi. Doğrudan da çoxəsrlik tariximizdə qazanılan parlaq Zəfər nəinki işğal gerçəkliyini aradan qaldırdı, o cümlədən, düşmənçilik və daşnakçılıq ideologiyalarını da sarsıtdı.
- Real Ermənistan anlayışında hansı prinsiplər təbliğ olunur?
- Paşinyanın son illərdə irəli sürdüyü “Real Ermənistan” anlayışının mərkəzində də həmin 29 743 kvadratkilometr dayanır. Hakimiyyət nümayəndələrinin yeni xəritəni - Qarabağsız və 7 rayonsuz simvolu açıq nümayiş etdirməsi məcburiyyətdən doğan gerçəklikdir. Məqsəd erməni siyasi düşüncəsində dövlətin sərhədini qeyri-müəyyən “tarixi Ermənistan” coğrafiyasından çıxarıb beynəlxalq hüququn tanıdığı əraziyə bağlamaqdır. Lakin İrəvan hökuməti başa düşür ki, Prezident İlham Əliyevin tanımayacağı Ermənistanın əraziləri rəsmi hüquqi qüvvəyə malik olmayacaq.
![]()
- Ermənistan daxilində Paşinyanın irəli sürdüyü bu şərtlərə münasibət necədir?
- Müxalifətin bir hissəsi yeni konsepsiyanı milli ideologiyadan geri çəkilmə, digərləri ərazi güzəştlərinin ideoloji əsaslandırılması sayır. Paşinyan isə əksinə, anklav məsələsinin gələcəkdə adi iş məsələsinə çevrilməli olduğunu söyləyir. Onun fikrincə, həm Ermənistanın, həm Azərbaycanın müəyyən yol və kommunikasiya çətinlikləri var və bunlar sakit danışıqlarla həll edilməlidir. Azərbaycan üçün mühüm prinsip məhz Qələbəmizin nəticəsində meydana çıxır: 29743 kvadratkilometr Ermənistanın hüquqi ərazisidirsə, hələ tanınmamış sərhədlərə aid olmayan ərazilər də eyni prinsip əsasında Azərbaycan ərazisi kimi tanınmalıdır. Hüquq bir sərhəd sahəsində işləyib digər sahədə siyasi məqsədə uyğun dəyişdirilə bilməz.
- Burada əsas çətinlik yaradan məsələlərin anklavlarla bağlı olacağı iddia edilir. Prosesin həllində ən optimal variantların qəbulu üçün mexanizmlər necə müəyyənləşməlidir?
- Anklavlar danışqılar prosesinin ən həssas hissəsi olacaq. Keçmiş sovet inzibati xəritələrində anklavlar geniş yayılmışdı, çünki vahid totalitar ölkənin içərisində milli sərhədlər önəm daşımırdı. Məsələ təkcə neçə kvadratkilometr torpağın kimə aid olması ilə ölçülmür. Bəzi ərazilərin yaxınlığından Ermənistanın mühüm avtomobil yolları keçir, yaşayış məntəqələrinin giriş-çıxışı sərhəd xəttindən asılıdır. Torpağın hüquqi sahibinə qaytarılması bir tərəfin yol sistemini dəyişdirə, yeni dolama yolların tikilməsini, xüsusi keçid rejimini və əlavə sərhəd infrastrukturu tələb edə bilər.

- Bəzən isə asan həll variantı olaraq ərazi mübadiləsi məsələsi gündəmə gətirilir…
- Gələcək danışıqlarda “ərazi mübadiləsi” ifadəsinin meydana çıxmasına İrəvan qərar verə bilməz. Çünki Azərbaycan üçün digər dövlətlərin təcrübəsindən fərqli olaraq, torpaqların dəyişdirilməsi çox ciddi konstitusion çərçivəyə malikdir.
Milli Konstitusiyamızın 11-ci maddəsi ölkə ərazisini vahid, toxunulmaz və bölünməz elan edir və Azərbaycan Respublikasının öz ərazisinin heç bir hissəsini başqasına verilməsini mümkün saymır. Dövlət sərhədinin dəyişdirilməsi referendumla xalqın iradəsi əsasında müəyyənləşməli fundamental məsələdir.
- Deməli, Azərbaycan ərazisinin başqa dövlətə verilməsini nəzərdə tutan klassik torpaq mübadiləsini sərhəd komissiyası, hökumətin razılaşması özü-özlüyündə həyata keçirmir.
- Burada incə hüquqi fərq var. Delimitasiya əvvəldən mövcud hüquqi sərhədin xəritə və sənədlər əsasında müəyyənləşdirilməsidir. Yəni, komissiya Azərbaycanın olan ərazisini Ermənistana vermir; hansı ərazinin hüquqi baxımdan kimə məxsus olduğunu müəyyən edir. Mübadilə isə artıq müəyyən edilmiş suveren ərazinin qarşılıqlı razılaşma ilə dəyişdirilməsidir. Birinci halda geodeziya və hüquqi sənədlər əsasdır, ikinci halda isə dövlətin konstitusion suverenliyi işə düşür.

- Azərbaycan cəmiyyətində bu məsələyə münasibət necədir? Buna oxşar və president təşkil edəcək nümunələr varmı?
- Azərbaycan cəmiyyətində anklav məsələsi müzakirə edilərkən mühüm və xeyrimizə olan fərqin əvvəldən aydın saxlanılması vacibdir. Yoxsa “praktik sərhəd yaratmaq” adı ilə hüquqi ərazi anlayışı, “ərazi mübadiləsi” adı ilə isə delimitasiya bir-birinə qarışdırıla bilər. Dünya təcrübəsi göstərir ki, mürəkkəb sərhədləri qarşılıqlı razılıqla sadələşdirmək mümkündür. Hindistanla Banqladeş arasında onilliklər ərzində bir dövlətin ərazisi içərisində digər dövlətə aid yüzlərlə anklav mövcud idi. 2015-ci ildə qüvvəyə minən tarixi sərhəd razılaşması nəticəsində Hindistanın Banqladeş daxilində 111 anklavı və Banqladeşin Hindistan daxilində 51 anklavı dəyişdirildi.
Belçika ilə Niderland isə Maas çayının məcrasının dəyişməsi nəticəsində praktik idarəetməni çətinləşdirən sərhəd sahələrini 2016-cı ildə bağladıqları müqavilə ilə qarşılıqlı şəkildə dəyişdirdilər. Müqavilə 2018-ci ildə qüvvəyə mindi.
- Həmin təcrübənin bizim regionda asanlıqla tətbiqi mümkündürmü?
- Xarici təcrübənin regiona mexaniki olaraq, köçürülməsi mümkün deyil. Hər dövlətin konstitusiyası, tarixi və ərazi məsələsinə münasibəti fərqlidir. Azərbaycanla Ermənistan arasında bəzi sahələrdə sərhəd xətti magistral yolları, kənd təsərrüfatı torpaqlarını, su sistemlərini və gələcək kommunikasiya xətlərini kəsə bilər. Buna görə mütəxəssislər yalnız xəritəyə baxmırlar. Sərhədin hər iki tərəfində yaşayan əhalinin təhlükəsizliyi, yolların fasiləsiz işləməsi, iqtisadi əlaqələr və gələcək ticarət də nəzərə alınmalıdır.

Şahin Mustafayev peşəkar dövlət xadimi və milli idealları yüksək tutan hökumət rəsmisi kimi Prezidentin onun üzərinə tarixi bir vəzifəni qoyduğunu yaxşı bilir.
- Artıq Qazax rayonu istiqamətində ilk dəqiq sərhəd dirəkləri basdırılıb. Bunu prosesin uğurlu başlanğıcı kimi dəyərləndirmək olarmı?
- Bəli, Qazax rayonu istiqamətində artıq müəyyən təcrübə əldə olunub. Daha mürəkkəb sahələr, anklavların ətrafı, Naxçıvan istiqaməti, yaşayış məntəqələrinin bir-birinə yaxın olduğu hissələr və yeni nəqliyyat infrastrukturu ilə sərhəd xəttinin kəsişdiyi yerlər olacaq. TRIPP layihəsi də delimitasiya məsələsini nəqliyyat siyasəti ilə birbaşa bağlayır.
Sərhəd xətti işğalın aradan qalxmasından sonra siyasi və iqtisadi coğrafiyanın, ticarətin hüdudlarının genişlənməsi deməkdir, onlarla dövlətin ərazisindən keçən yolların hansı hüquqi rejimdə işləyəcəyini müəyyən etməkdir.
Bişkekdə Əliyev–Paşinyan görüşündə delimitasiya komissiyalarının fəaliyyətini ayrıca qeyd etməklə yanaşı, TRIPP, Azərbaycan məhsullarının Ermənistana ixracı, üçüncü ölkə yüklərinin Azərbaycan üzərindən Ermənistana tranziti və ikitərəfli ticarəti bir paketdə müzakirə etdilər.
Tarixi düşmənçiliyi sərhədlə bərabər, insanların yaddaşındakı müharibələrin amansızlığı, hekayələri, ədəbiyyatı, mədəni tablosu, itkilərin və qarşılıqlı inamsızlığın aradan qaldırılması ilə son qoymaq mümkündür. Yüz ildən artıq davam edən qarşıdurmanın əsas təhlükəsi keçmişin hər dəfə yeni ərazi iddiasına çevrilməsi olub. Dövlətlər bir-birinin sərhədini hüquqi sənəddə, xəritədə və nəhayət torpaq üzərində tanıyandan sonra növbəti nəsillərə müharibə üçün ən təhlükəli miraslardan biri — mübahisəli vətən xəritəsi ötürməyə bilər.

- Digər bir mühüm məsələ və yekun sülh sazişi üçün əsas maneələrdən biri Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların çıxarılması ilə bağlıdır. Sözsüz ki, bu Ermənistan siyasi elitasının və cəmiyyətinin verəcəyi referendum qərarı ilə həll olunacaq bir məsələdir. İndiki halda Paşinyan komandasının bu tarixi missiyanın öhdəsindən asanlıqla gələcəyi ehtimalını necə dəyərləndirirsiniz?
- Konstitusiya dilemması, Paşinyanın 64 mandatı ilə Bakı arasındakı 6 səs, Bişkekdə Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşündə sülh müqaviləsinin paraflanmış mətninin tarixi əhəmiyyəti bir daha vurğulandı. Lakin sənədin yekun imzalanma tarixinin elan edilməməsi prosesdə hələ həllini tapmayan əsas siyasi məsələni yenidən görünən etdi. Azərbaycan tərəfinin mövqeyi dəyişməyib: Ermənistan Konstitusiyasının preambulasında 1990-cı il Müstəqillik Bəyannaməsinə istinad qalmaqda davam etdikcə, həmin Bəyannamədə Qarabağın Ermənistana birləşdirilməsi haqqında müddəaların hüquqi-siyasi izi də aradan qalxmır. Prezident İlham Əliyev dəfələrlə erməni millətinin dövlət quruculuğu fəlsəfəsində ölkəmizə qarşı ərazi iddiasının konstitusion təsbiti kimi xarakterizə edib.
- Paşinyanın vəziyyətini ağırlaşdıran əsas məqam nədən ibarətdir?
- Paşinyanın vəziyyətini mürəkkəbləşdirən, lakin həm də ona müəyyən manevr müstəvisi yaradan Ermənistan parlamentinin yeni panoramasıdır.
7 iyun seçkilərində Paşinyanın “Vətəndaş Müqaviləsi” qalib gəldi, lakin əvvəlki kimi konstitusion çoxluq əldə edə bilmədi. Partiyanın 64 mandatı var. Yeni Konstitusiyanın referenduma çıxarılması üçün isə ən azı 70 deputatın səsi tələb olunur. Deməli, seçicilər Paşinyana hökuməti yenidən qurmaq mandatı verdilər, amma Konstitusiyanı təkbaşına dəyişdirməyə razı olmadılar.

- Bu halda seçim necə ola bilər?
- Paşinyanın qarşısında indi paradoksal vəziyyət yaranıb: seçkidə siyasi hakimiyyətini qoruyub, lakin sülh prosesinin son hüquqi addımlarından birini təkbaşına həyata keçirmək imkanını itirib. Müxalifətin 41 mandatı məhz buna görə xüsusi əhəmiyyət daşıyır. Samvel Karapetyanın “Güclü Ermənistan” bloku və Robert Koçaryanın “Ermənistan” bloku Paşinyanın xarici siyasət xəttinə, xüsusilə Rusiyadan uzaqlaşmasına, “Real Ermənistan” konsepsiyasına və Qarabağ məsələsinin siyasi bağlanmasına fərqli dərəcələrdə qarşı çıxırlar.
- Belə olan halda Ermənistanda konstitusiya referendumu keçirmək mümkün olmayacaq?
- Yeni tərkib, ziddiyətli qüvvələr palitrası yeni konstitusiya referendumunu hüquqi prosedur olmaqdan çıxarır. Ümumxalq səsverməsi Paşinyanın siyasi kursuna dair ikinci böyük plebisitə çevrilə bilər: seçici yeni dövlət idarəetməsi ilə yanaşı, tarixi torpaqlar mifinə, çoxəsrlik düşmənçiliyə, Qarabağ hərəkatının siyasi mirasına, “Real Ermənistan” konsepsiyasına, Azərbaycanla sülhə və Ermənistanın Rusiya ilə münasibətlərinin gələcəyinə münasibət bildirmiş olacaq.
Lakin Ermənistanın xarici işlər Aratat Mirzoyanın dediyi kimi hər tərəfdən sıxılan bir dövlətin yeganə çıxış yolu Bakının şərtləridir. “Paşinyan referendumu təxirə salıb” demək hazırda faktoloji baxımdan bir qədər qabağa getməkdir. İyunda Ədliyyə Nazirliyi yeni konstitusiya mətninin hələ tamamlanmadığını və referendum üçün tarix müəyyən edilmədiyini bildirmişdi. Avqustun 24-də isə Paşinyan artıq mətnin qarşıdakı aylarda açıqlanacağını söylədi. Deməli, proses dayandırılmayıb, lakin əvvəlcədən təsəvvür edilən siyasi təqvim pozulub və referendumun vaxtı qeyri-müəyyənləşib.
- Azərbaycan üçün burada əsas məqam nədən ibarətdir?
- Daha mühüm yenilik odur ki, Paşinyan açıq şəkildə yeni Konstitusiyanın preambulasında Müstəqillik Bəyannaməsinə istinad olmayacağını bəyan etməsidir. Yəni, Bakı üçün nifaq daşı yeni layihədən çıxarılırsa, Ermənistan hakimiyyəti dövlət quruculuğunun yeni fəlsəfəsinə - dünyada sivil xalqların qəbul etdiyi formulla yaşamağa qadir olduqlarını göstərirlər. Əks halda, Baş nazirin dediyi kimi münaqişə və qarşıdurma məntiqi üzərində qurulan üçüncü Respublikanın taleyi ilə - məğlubiyyətlə, iflasla üzləşəcəksən.
Ona görə də Paşinyan iki maneəni aşmalıdır: əvvəlcə parlamentdə 70 səs, sonra xalq səsverməsində tələb olunan legitimlik.
Müxalifət liderlərinə qarşı cinayət işləri və seçki dövründə aparılan həbslər düzgün yolu göstərir. Konstitusiya referendumu Ermənistanın daxili siyasətində yeni qarşıdurma xəttinə çevrilməyəcək.
Bakı üçün gələcək sülh müqaviləsinin qarşısında ərazi iddiasını yenidən hüquqi və siyasi şəkildə dirçəldə biləcək konstitusion istinadın qalmamasıdır.

- Bir çox hallarda Alma-Ata Bəyannaməsinə istinad məsələsi gündəmə gətirilir. Burada Bakını qaneə edəcək prinsiplər nədən ibarətdir?
- Əgər, tərəflər Alma-Ata Bəyannaməsini əsas götürərək sərhədi keçmiş sovet respublikalarının hüquqi inzibati sərhədləri üzrə müəyyənləşdirirlərsə, Ermənistanın daxili konstitusion sistemi də həmin sərhəddən kənarda başqa ərazi iddiasını legitimləşdirən mətn saxlamamalıdır. Əks halda bir tərəfdən komissiyalar sahədə sərhəd dirəkləri basdırar, digər tərəfdən dövlətin əsas qanununda həmin sərhədlərin kənarına uzanan siyasi-hüquqi interpretasiyanın izi qalardı. Ermənistanın dövlət sərhədi 29743 kvadratkilometrdə bitirsə, Azərbaycan ərazisində “tarixi Ermənistan” üçün hüquqi və konstitusion yer qalmamalıdır.
Prezident İlham Əliyevin qalib liderliyi “Real Ermənistan” - xəritə ilə bərabər, konstitusiyada da tamamlanması, delimitasiya və konstitusiya qərarları ilə gələcək üçün heç bir hüquqi iddia saxlanmaması hədəflərinə yönəlib.
Sülh müqaviləsinin imzalanmasından əvvəl düşmənçiliyin və ərazi iddialarının hüquqi ləğvi sonrakı mərhələdə xalqları birgəyaşıya hazırlamağın ən yaxşı yoludur.