BAKI, 10 aprel. TELEQRAF
Vaşinqtonun Hörmüz boğazı üçün ehtiyat planları var.
Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin Milli İqtisadi Şurasının sədri Kevin Hassett Fox Business-ə bildirib.
Onun sözlərinə görə, Vaşinqton İranla dialoqa nikbin yanaşır və "ən yaxşı komandasını" İslamabada göndərir.
Hassett müxbirin Hörmüz boğazını açmağın və neft tədarükünü növbəti iki ay ərzində bərpa etməyin mümkün olub-olmadığı ilə bağlı sualına cavab olaraq "Lazım gələrsə, ehtiyat planlarımız da mövcuddur"- deyə, bildirib.
İranın Ali Liderinin Hindistandakı nümayəndəsi Əbdül Məcid Hakim İlahi bildirib ki, İslam Respublikası ABŞ və İsrail ilə hərbi münaqişə bitdikdən sonra Hörmüz boğazını açacaq. O qeyd edib ki, "müharibə hələ bitməyib", buna görə də Tehran Hörmüz boğazına nəzarəti davam etdirir.
Aprelin 8-də "Financial Times" qəzeti İranın ABŞ ilə iki həftəlik atəşkəs müddətində Hörmüz boğazından keçən tankerlərdəki hər barel neft üçün 1 dolla tələb etdiyini yazıb.