BAKI, 10 aprel. TELEQRAF

Böyük Britaniya gəmilərinin Hörmüz boğazından keçməsi üçün İrana rüsum ödəməyəcək.

Teleqraf xəbər verir ki, bunu Böyük Britaniyanın baş naziri Key Starmer Dohada Qətər liderləri ilə danışıqlardan sonra açıqlayıb:

"Atəşkəsin kövrək olması hissi var və daha çox iş görmək lazımdır. Hörmüz boğazı ilə daşımalarda rüsum ödənməsinə və ya məhdudiyyətə icazə verilə bilməz”.

Starmer əlavə edib ki, cümə axşamı ABŞ prezidenti Donald Trampla telefon danışığında Hörmüz boğazını müzakirə edib:

"Mən ona İranla qonşu olan Körfəz ölkələrinin fikirlərini bildirdim. Əgər atəşkəs, ümid etdiyimiz kimi, qüvvədə qalarsa, onları da əhatə etməlidir. Vaxtımızın çox hissəsini boğazdan gəmiçiliyin təmin edilməsi üçün lazım olan praktik plan və Böyük Britaniyanın rolu barədə danışmağa sərf etdik".

Aprelin 7-də Tramp İranla iki həftəlik qarşılıqlı atəşkəs elan edib. O, Vaşinqtonun Tehranın 10 bəndlik təkliflərini gələcək danışıqlar üçün əsas mövzu kimi gördüyünü bildirdi.

İranın Neft, Qaz və Neft-Kimya İxracatçıları Birliyinin nümayəndəsi Həmid Hüseyni "Financial Times" qəzetinə verdiyi açıqlamada bildirib ki,Hörmüz boğazından keçən neft tankerlərində daşınan neftin hər barel üçün 1 dollar rüsum alınacaq. O, rüsumun "Bitcoin" ilə tutulacağını da bildirib.