BAKI, 10 aprel. TELEQRAF
Azərbaycan manatı ABŞ dollarına qarşı sabit qalsa da, nominal və real effektiv məzənnə ucuzlaşıb.
Teleqraf xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (AİB) aprel ayı üzrə "Asiyanın İnkişaf Perspektivləri" hesabatında qeyd edilib.
Bildirilib ki, ticarət tərəfdaşlarında valyutaların möhkəmlənməsi nominal effektiv məzənnənin 5,2% azalmasına səbəb olub. Bu dəyişiklik qismən idxal qiymətlərinə təsir göstərib. Nəticədə daxili bazarda qiymətlər artıb. Real effektiv məzənnə 7,7% zəifləyib ki, bu da iqtisadiyyatın xarici rəqabət qabiliyyətini yüksəldib.
Bankın analizinə görə, ölkədə fiskal mövqe möhkəmlənib. 2024-cü ildə ÜDM-in 0,4%-i səviyyəsində olan kəsir 2025-ci ildə 0,4% profisitlə əvəz olunub. Büdcə gəlirləri 2024-cü ildə ÜDM-in 29,4%-indən 2025-ci ildə 30,3%-inə yüksələrək 5,3% artıb. Bu artım əsasən vergi daxilolmalarının çoxalması və Dövlət Neft Fondundan transfertlərin genişlənməsi hesabına təmin edilib.
Ümumi xərclər 2,4% artsa da, xərclərin ÜDM-ə nisbəti dəyişməyərək 29,9% səviyyəsində qalıb. Xarici dövlət borcu 6,2% azalaraq 4,8 milyard ABŞ dollarına (ÜDM-in 6,3%-i) enib. Daxili dövlət borcu isə 4,6% azalaraq 2024-cü ilin sonundakı 14,8%-dən 13,8%-ə düşüb.