BAKI, 29 yanvar. TELEQRAF
Layihə çərçivəsində illik 1440 ton polipropilen, 1680 ton isə laminatlı kisə istehsalı planlaşdırılır. "Nun" MMC hazırda kisə istehsalı ilə məşğul olan sənaye müəssisəsidir.
Teleqraf xəbər verir ki, bunu “Nun” MMC-nin direktoru Ələsgər Mustafayev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Şirkətə Sumqayıt Kimya Sənaye Parkının rezidentliyi verilib:
"Hazırda istehsalımız müvəqqəti olaraq başqa ərazidə həyata keçirilsə də, bu layihə çərçivəsində yeni və müasir istehsal sahəsinin məhz burada - sənaye parkının ərazisində qurulması nəzərdə tutulur”.
O bildirib ki, layihənin məqsədi daxili bazarın tələbatını ödəməkdir:
“İstehsal olunacaq kisələr əsasən kənd təsərrüfatı, sənaye və tikinti sahələrində qablaşdırma üçün istifadə ediləcək. İstehsalda əsas xammal kimi SOCAR Polimer müəssisəsinin yerli polipropilen məhsullarından istifadə olunacaq.
İstehsal prosesi Almaniya texnologiyası əsasında qurulacaq ki, bu da məhsulların keyfiyyətinin yüksək səviyyədə olmasına imkan verəcək".
Direktor qeyd edib ki, layihənin ümumi dəyəri 11,19 milyon manatdır: "Maliyyələşmənin 70 faizi təsisçi vəsaiti, 30 faizi isə güzəştli kredit hesabına təmin olunur.
Layihə nəticəsində 140 nəfər üçün daimi iş yerinin yaradılması nəzərdə tutulur. Bu müəssisə yerli istehsalın genişlənməsinə və qeyri-neft sektorunun inkişafına mühüm töhfə verəcəkdir”.