Müəssisə 2023-cü ildə İqtisadiyyat Nazirliyi yanında İqtisadi zonaların inkişafı agentliyi tərəfindən rezident statusu alıb. Müəssisə 2.7 hektar sahəni əhatə edir.
Teleqraf xəbər verir ki, bunu “Bakı Karton və Qutu Fabriki” MMC-nin rəhbəri Kamran Salmanlı jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, müəssisənin əsas fəaliyyət növü karton kağızın istehsalı və onların qutuya çevrilməsindən ibarətdir:
"Müəssisənin illik gücü 55 milyon kvadratmetrdir. İstehsal avadanlıqları Çin və Türkiyəyə məxsusdur. Müəssisədə daimi olaraq 64 iş yeri ayrılıb. Müəssisənin əsas fəaliyyətlərindən biri də ixracatın çoxaldılmasıdır. İlkin olaraq Gürcüstanla müqavilə bağlamışıq. Artıq ixracata başlayırıq. Bu baxımdan ABŞ-nin iki şirkəti ilə ilkin xammalı Gürcüstan və Rusiyadan Azərbaycana idxal edirik.
İxracata gəldikdə isə Gürcüstan Respublikasının “Qrimpeper” şirkəti ilə müqavilə imzalanıb və növbəti həftə ərzində artıq Gürcüstana ixracata başlayacağıq.
Amerika Birləşmiş Ştatlarının daha iki şirkəti ilə danışıqlara başlanıb, nəticələr əldə olunub, növbəti yaxın həftələr ərzində müqavilə imzalanacaq. Satış təmsilçisi Birləşmiş Ştatlardakı şirkətlərə veriləcək".