BAKI, 29 yanvar. TELEQRAF
Ötən il 2024-cü illə müqayisədə mülkiyyət hüququnun dövlət qeydiyyatı üzrə ilkin qeydiyyat əməliyyatlarının sayı 9,5 faiz artaraq 64 454-dən 70 596-ya yüksəlib.
Teleqraf xəbər verir ki, bu barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin sədri Nigar Alimova “2025-ci il ərzində görülmüş işlər və qarşıda duran hədəflər” mövzusunda mətbuat konfransında deyib.
O bildirib ki, alqı-satqı əməliyyatlarında 1 faiz artım qeydə alınıb:
“Göstərici 121 121-dən 122 379-a çatıb. Bununla yanaşı, vərəsəlik üzrə qeydiyyat 9 faiz azalaraq 41 018-dən 37 406-ya, bağışlama əməliyyatları isə 12 faiz azalaraq 44 489-dan 39 116-ya enib”.
O əlavə edib ki, digər əməliyyatlar kateqoriyasında 10 faiz artım müşahidə olunub - 37 887-dən 41 777-yə yüksəlib.