"Müəssisəmizə 2023-cü ildə Sumqayıt Sənaye Parkının rezident statusu verilib və 1 hektar ərazidə güzgü vərəqələri istehsal zavodu inşa edilib".
Teleqraf xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azermirror” MMC-nin direktor müavini Eldəniz Allahverdiyev deyib.
Onun sözlərinə görə, müəssisədə 30 nəfərlik daimi iş yeri yaradılıb:
"İllik 900 min kvadrat güzgü istehsalı nəzərdə tutulub. Müəssisəmizdə avadanlıqlar Çin texnologiyası ilə qurulub. Zavod inşa olunmamışdan öncə ölkəmizə Rusiya, Çin, Türkiyə, İrandan güzgü idxal olunurdu. Artıq güzgü vərəqləri zavodu ölkəmizin tələbatını qarşılamaqla yanaşı xarici ölkələrə də idxal planlaşdırılır. Artıq bir çox xarici ölkələrlə təklif və razılaşmalar olub. Yaxın vaxtlarda ixracımız nəzərdə tutulub. Azərmirror MMC-nin invesitisiya məbləği 6 milyon 130 min manatdır. İdxal etdiyimiz məhsullara dövlət tərəfindən 600 min manata yaxın güzəşt tətbiq edilib. Gələcəkdə tələbatın artması ilə əlaqədar ikinövbəli iş qrafikinə keçiləcək".
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də Sumqayıt Sənaye Parkında “Azermirror” MMC-nin güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib.