BAKI, 29 yanvar. TELEQRAF

Avropa İttifaqı Rusiyadan qaz idxalının qarşıdakı qadağası fonunda əsas qaz tədarükçüləri üçün əlavə yoxlamaları ləğv etməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" Avropa Komissiyasının sənədinə istinadən məlumat yayıb.

Məlumata görə, Avropa İttifaqı Rusiyadan qaz idxalına qadağanın icrasını təmin etmək məqsədilə yeni mexanizm tətbiq edəcək. Bu mexanizm çərçivəsində Aİ ərazisinə qaz idxal edən şirkətlərdən əvvəlcədən icazə alınması tələb olunacaq. Şirkətlər qazın Rusiya mənşəli olmadığını təsdiqləyən sübutları onun Aİ ərazisinə daxil olmasından ən azı beş gün əvvəl təqdim etməlidirlər.

Lakin sənəddə qeyd olunur ki, bu tələblər ABŞ, Norveç, Qətər, Böyük Britaniya, Əlcəzair və Nigeriyadan idxal edilən qaza şamil edilməyəcək.

"Reuters" yazır ki, sözügedən qərar Avropa İttifaqının Rusiya qazından tam imtina planları çərçivəsində əsas tədarük marşrutlarının və alternativ mənbələrin qorunmasına xidmət edir.